Yüksək Texnologiyalar Parkı qalib layihələrin bütün xərclərini qarşılayacaq – MÜSABİQƏ

11 İYUN 2021

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi məqsədilə biznes inkubasiya fəaliyyəti həyata keçirilir.

Biznes inkubasiya fəaliyyətinin genişləndirilməsində məqsəd müasir elmi nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, rəqəmsal texnologiyalara əsaslanan biznesin inkişafı, həmçinin ölkədə sahibkarlıq fəaliyyəti və biznes mühitinin davamlı inkişafına töhfə verməkdir.

Texnoparkda həyata keçirilən biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startaplar dəstəklənir. Proqramın əsas məqsədi ideya mərhələsində olan startapları prototip hazırlamaq səviyyəsinə çatdırmaq və bazarda investor axtarışına dəstək göstərməkdir.

YT Parkda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən, innovativ ideyası olan gənclərə dəstək məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi elan olunur:

– Biznes inkubator rezidentliyinə qəbul üçün startap və yeni texnologiyalara əsaslanan bütün layihələr üzrə müraciət edilə bilər;

– Texnoparklarda rezidentlik əldə edən layihələr YT Parkın biznes inkubasiya dəstəyindən yararlana biləcəklər;

– İddiaçılar öz layihələrini təqdimat (prezentasiya) formasında təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqədə qalib olmuş layihənin bütün xərcləri ayrılmış büdcə çərçivəsində “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin daxili imkanları hesabına qarşılanacaq.

Layihənin təqdimatı aşağıdakı bölmələrdən ibarət olmalıdır:

– Titul vərəqi;

– İnvestisiya layihəsinin xülasəsi;

– Komanda haqqında məlumat;

– İnvestisiya layihəsinin məqsədi;

– Təşkilati plan;

– İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) xarakteristikası;

– Satış bazarının xarakteristikası;

– İstehsal planı;

– Maliyyə planı;

– Digər məlumatlar.

Rezidentliyə namizədlərdən təqdimatlarını 14 iyun 2021-ci il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Əlaqələndirici şəxs: Aysel Qədirova

Tel.: (+994 12) 376 67 56 (daxili 101)

E-mail: [email protected][email protected]