Sakit Yaqubov: “ “Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir”

18 OKTYABR 2016 | VIEWS:
1806

sakit333Təqvimdə olan 365 gündən  hər biri daha çox hansısa əlamətdar hadisəni özündə əks etdirməklə  yadda qalır. Dünya səviyyəsində qeyd olunan tarixi günlər isə xüsusilə fərqlənir. Bütün dünya ölkələrinin maraqlarını birləşdirən belə əlamətdar günlərdən biri də 10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günüdür.

1988-ci ildə Beynəlxalq elm və sülh həftəsinin keçirilməsi ilə əlaqədar BMT Baş Assambleyası qətnamə qəbul etmişdir. O vaxt bu əlamətdar hadisə 4-11 noyabr tarixlərinə təsadüf etmişdir. Sülh və inkişaf naminə Ümumdünya elm gününün məhz noyabrın 10-da qeyd olunması tarixi bununla səciyyələnir.

İlk dəfə bu haqda təşəbbüs 1999-cu ildə Budapeştdə keçirilən Ümumdünya Elm Konfransında irəli sürülmüşdür. Təşəbbüsün müəllifləri fikirlərini belə əsaslandırmışlar ki, “Sülh və İnkişaf naminə Ümumdünya Elm Gününün” təqvimə salınması qlobal problemlərin həlli üçün elmlə ictimaiyyətin birliyini təmin edəcəkdir.

2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasında elm gününün qeyd olunması qərarı rəsmi şəkildə elan olunmuş və 2002-ci ildən etibarən dünyanın əksər ölkələrində keçirilir. Bu əlamətdar günün qeyd edilməsində əsas məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmi nəticələrin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

Elm gününün qeyd olunması ictimaiyyətin – işgüzar dairələrin, gənclərin, məktəblilərin maarifləndirilməsi üçün ən gözəl vasitədir. Hər bir insanın həyatında elmin əhəmiyyətli rolunu vurğulamağa səsləyən bu əlamətdar günün keçirilməsində məqsədelmlə ictimaiyyət arasındakı uçurumun aradan qaldırılmasıdır.

Davamlı iqtisadi inkişafa nail olmaq üçün elmlə təhsilin vəhdəti vacib amildir. YUNESKO təmsilçiləri bu meyarı əsas götürərək bəyan edilmiş istiqamətlər üzrə öz fəaliyyətlərini gücləndirirlər. Elm həftəsi çərçivəsində ali və orta təhsil müəssisələrində gənc nəslin elmə cəlb edilməsi məqsədini daşıyan poster və digər nəşrlər yayılır, seminarlar, müxtəlif səpkidə dəyirmi masa, konfrans və sərgilər təşkil olunur.

Bundan əlavə, elmin əhəmiyyətli rolunu aşılamaq məqsədilə peşəsindən asılı olmayaraq hər kəsin iştirak edə biləcəyi açıq qapı günləri keçirilir. Elmin və texnologiyanın gündəlik həyatımıza təsirini qeyd etmək məqsədilə treninq-seminarlar təşkil olunur.

Bir çox ölkələrdə 10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunmuş tədbirlər keçirilməkdə davam edir. Elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rola malik konfrans, seminar, dəyirmi masa və sərgilərdə dünya alimləri bir araya gələrək qlobal problemlərə elmi dəstək verməyə çalışırlar.

Ümumdünya elm günü ilə yanaşı bir çox ölkələrdə milli elm günü, həftəsi də keçirilir. Hər bir ölkə bu əlamətdar hadisəni fərqli zamanlarda qeyd edir.

Dünyanın aparıcı ölkələrindən olan Amerika Birləşmiş Ştatlarında noyabr ayı ərzində “Milli Elm və Texnologiya” həftəsi qeyd olunur.İtaliyada elmi elitanı bir araya gətirən  milli elm günü  noyabrın 10-a təsadüf edir.10-16 noyabr tarixlərini elm həftəsi elan edən ölkələrdən biri də İrandır.

Dünya elminə töhfələr bəxş etmiş ölkəmiz də təbii ki, bu proseslərdən kənarda qalmır. Milli Elmlər Akademiyası və Təhsil Hazirliyi sistemində Ümumdünya Elm Günü ilə bağlı müxtəlif səpgili tədbirlər keçirilir.

Azərbaycan təhsil sistemində məxsusi yeri olan Universitetimizdə  bu əlamətdar günlə baglı  2014-cü ilin  11-13 noyabr tarixlərində Elm günləri, 2015-ci ilin noyabr ayında Elm həftəsi keçirilmişdir.

UNEC  rəhbərliyi  2016-cı ilin oktyabr-noyabr aylarında  Üniversiteti-mizdə Elm aylığı keçirilməsi barədə qərar qəbul etmiş  və bununla bağlı silsilə tədbirlərin  keçirilməsi nəzərdə tutulmuşdur.Ölkəmizin tanınmış elm xadimlərinin də qatılacağı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr aparılacaqdır.

“Elm aylığı”nın məqsədi universitetin professor-müəllim heyətini, doktorantları, magistrləri, tələbələri elmi tədqiqat işlərinə cəlb etmək, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və beləliklə,UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməkdir

Elm aylığına Universitetimizdə  İqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında dinləmələrlə start verildi,  təhsil eksperti dosent Etlbar Əliyev məruzə ilə çıxış etdi və geniş diskusiya aparıldı.

Bundan sonra İqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında  4 tədbirin keşirilməsi, hər tədbirdə iki Nobelçi haqqında, onların iqtisadiyyatın hansı sahəsindən bu mükafatı almaları barəsində professorlarımızın məruzələri  dinləniləcəkdir.

Bundan əlavə, Elm aylığı çərçivəsində “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi keçiriləcəkdir.

Kütləvi informasiya vasitələrində UNEC-in elmi fəaliyyətinin təbliği, tələbə elmi cəmiyyəti xətti ilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

01-02 noyabr tarixlərində UNEC-in Zaqatala filialında  “Elm və Təhsil vəhdətinin yeni dizaynı”, “UNEC-də təhsilalanların elmi-tədqiqat işlərinin təşkili məsələləri”,  “UNEC-də elmi və elmi pedoqoji kadrların hazırlığı məsələləri”,   “Elmi təqqiqatlarda  İKT-nin rolu” mövzularında məruzələr aparılacaqdır.

UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad kollecində “Elmin insan inkişafında rolu”mövzusunda  tədbir keçiriləcəkdir.

Bundan başqa, Elm aylığı çərçivəsində  UNEC-in  fakültələrində tematik dəyirmi masaların keçirilməsi  də nəzərdə tutulur.

“Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə, yəni10 noyabr tarixində  İAETİ-nun direktoru,i.e.d., prof. Y.H.Həsənlinin  “Elmin insan inkişafında rolu” mövzusunda elmi məruzəsi dinləniləcək, tanınmış alimlərlə görüş keçiriləcək və tədbir UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə yekunlaşdırılacaqdır.

 

Professor   Sakit Yaqubov

Elm və İnnovasiyalar Mərkəzinin direktoru 

 

1807 1