Azərbaycan Dövlət İqtisad Universitetinin “Tələbə rektor”u

16 MART 2015 | VIEWS:
1578

telebe_rektor16

Bir müddət əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Tələbə rektor” seçkilərinin qalibi müəyyənləşdi. Gizli səsvermə ilə keçirilən seçkilərdə 15 namizəd arasından 601 səs toplayan biznes inzibatçılığı fakültəsinin II kurs tələbəsi Cavanşir Əsədov bir il müddətində “Tələbə rektor” adını qazandı. Maraqlı layihənin qalibi ilə ADİU-nun əsas tədris binasında görüşür və həmsöhbət oluram.

26 dekabr 1995-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2013-cü ildə 132-134 nömrəli təhsil kompleksindən məzun olandan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin biznes inzibatçılığı fakültəsinə daxil olub. Universitetin ictimai işlərində fəal iştirak edir. Bir neçə layihənin təşkilatçısı, o cümlədən turnirlərin qalibidir. I kursda ideya müəllifi və iştirakçısı olduğu “Biznesdar” layihəsi ADİU-da ilin ən yaxşı layihəsi seçilib. 2014-cü il “Sənaye ili” çərçivəsində “Sənaye və tələbə” müsabiqəsinin qalibidir. İki semestrdir zərbəçidir. İdmanla məşğul olur. Futbol, avtomobil xüsusi maraqları sıralarına daxildir. İqtisadiyyat və siyasətə dair kitablar oxumağı çox sevir. İnternetdə axtarış etməyi xoşlayır.

– Tələbə rektor olmağa necə qərar verdin?

– Bu il yanvarın 26-dan, yəni bu barədə elan veriləndən bir saat sonra artıq qərarımı vermişdim ki, orda olmalıyam. Səhəri gün qrup yoldaşlarıma dedim ki, dəstək olacaqsınızsa namizədliyimi verim. Dedilər ver. İki həftə seçki kampaniyası getdi. Bacardığım qədər təbliğat aparmağa çalışdım.

– Kimlər dəstək olurdu PR kampaniyanda sənə?

– Əgər icazə versəydiniz, çox istərdim ki, adlarını qeyd edim. Fakültəmizdən Cavid, qrup yoldaşlarım Orxan, Camal, Jalə, Baba və bir sıra uşaqlar. Onların əziyyəti çox oldu. Qanun və qaydalar çərçivəsində korpus-korpus gəzdik, sosial şəbəkələr vasitəsilə  təbliğat apardıq. Gündə 9-10 saat dayanmadan iş gördük. Nəticəsi isə 601  səs oldu.

– Gözləyirdin?

-Əlbəttə, biz bu qədər çalışdıq, uşaqlar çox əziyyət çəkdilər. Bəhrəsini görməli idik. Kampaniya aparandan 5-6 gün sonra adım ilk üçlükdə çəkilirdi. Özümə inanırdım, inandığım üçün qalib gəldim.

– Fəaliyyətin nədən ibarət olacaq?

– Bir il bu vəzifəni icra etmək ilk dəfə mənə  qismət olub. Dəqiq fəaliyyət istiqamətim olmasa da, nə edəcəyəmsə bu bir il ərzində ilk olacaq. Əlbəttə, səlahiyyətlərim barədə məlumatlar verilib. Nə edəcəyimi təqribən özüm üçün müəyyənləşdirmişəm.

– Seçiləndən sonra tələbələr səndən nəsə istəyiblər?

– Təkliflər, iradlar saysız-hesabsız daxil olur. Çalışacağıq ki, bunların hər birinə diqqət yetirək. Yəqin ki, bu günə qədər mənə kömək edən insanlar bundan sonra da kömək eləsələr öhdəsindən gəlməyəcəyimiz iş yoxdur.

– Sənin bu günə qədər  vaxtın olub ki, nə edəcəyini düşünəsən? Planında nələr var?

– İlk olaraq tələbələrə verdiyim vədlər var. Həmin vədləri yerinə yetirməliyəm. Tələbələrin təklif və iradları nəzərə alınacaq. Bəzi struktur orqanları, məsələn, tələbə parlamentini yaratmaq platformamda yer alıb.

– Platformanda daha hansı müddəalar var?

– Tələbə parlamentindən başqa, təhsil krediti də var. Hansı ki, müəyyən şərtlər daxilində təhsil haqqını ödəyə bilməyən tələbələrə vermək üçün. Onlar da universiteti bitirdikdən sonra müəyyən dövr ərzində onu qaytaracaqlar. Daha sonra bəzi özəl şirkətlərlə müqavilələr əsasında tələbə təcrübə proqramları həyata keçirməyi planlaşdırmışıq. Özəl şirkətlərlə birlikdə, platformamızda dövlət orqanlarına da yer verməyə çalışmışıq. Hansı ki, icra hakimiyyətləri, bələdiyyələr səlahiyyətləri çərçivəsində öz gördükləri işlərdə tələbələrə də yer versinlər.

– Tələbələrin sosial fəaliyyətlərində nələrə diqqət ayırmısan?

-Tələbələri ictimai işlərə cəlb etməyə çalışacağıq. Tələbələrin universitetdə daha çox vaxt keçirməsi, universitetə öyrəşməsi üçün müəyyən sosial fəaliyyətlər həyata keçirəcəyik.

– Bəs sənin təhsil həyatında gələcək planların nədir?

– Magistr təhsilimi Böyük Britaniyada MBA (Master of Business Administration) proqramı üzrə davam etdirmək istəyirəm.

Tədbirə tələsən ADİU-nun “Tələbə rektoru”na təşəkkür edib, universitetdən ayrılıram.

 

1579 2