“UNEC – 100”
İNKİŞAF STRATEGİYASI
(2019-2030) 

UNEC – uğurlu yolun başlanğıcı…

10487 4

MİSSİYA, GƏLƏCƏYƏ BAXIŞ VƏ ƏSAS DƏYƏRLƏR 

Missiya

“Ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərmək”

Gələcəyə baxış

“100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilmək”

Əsas dəyələr

UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:

Akademik azadlıq: UNEC üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.

Akademik etika: UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.

Layiqlilik: UNEC akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.

Şəffaflıq: UNEC fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinəaçıq şəkildə həyata keçirir.

Mükəmməllik: UNEC üzvləri bütün fəaliyyətində daim mükəmməl olanı əldə etməyə çalışır.

Keyfiyyətlilik: UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır.

İştirakçılıq: UNEC səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.

Fərqliliklərə hörmət: UNEC bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.

Cəmiyyət mənafeyini düşünmək: UNEC bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.

Ekologiyaya həssaslıq: UNEC üzvləri dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir. 

 

STRATEJİ MƏQSƏDLƏR, HƏDƏFLƏR VƏ FƏALİYYƏTLƏR 

STRATEJİ MƏQSƏD 1. YÜKSƏK KEYFİYYƏTLİ ALİ TƏHSİL OCAĞINA ÇEVRİLMƏK 

Strateji hədəf 1.1.2030-cu ilə qədər yüksək bal toplayaraq UNEC-i seçən daha sanballı abituriyentlərin sayını davamlı artırmaq və UNEC üzrə orta keçid balını 500-ə yüksəltmək.

Strateji fəaliyyətlər:

  • Ölkədə orta təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edən tədbirlərə dəstək verilməsi;
  • UNEC-in təhsil proqramlarının ölkədə tanıtım tədbirlərinin davamlı şəkildə genişləndirilməsi və effektivliyinin artırılması;
  • UNEC-in baza məktəblərinin sayının artırılması və şagirdlərdə ilkin iqtisadi biliklərin formalaşdırılması məqsədilə orta məktəblərə elmi-metodiki dəstəyin verilməsi.

 

Strateji hədəf 1.2. 2030-ci ilə qədər tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları (yetərli ixtisas bilikləri, analitik və empirik təhlil bacarığı, tənqidi və həll istiqamətli düşüncə tərzi, yüksək akademik yazı qabiliyyəti, İKT-dən istifadə bacarığı, xarici dil bacarığı, liderlik və komandada işləmə bacarığı) formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirmək.

Strateji fəaliyyətlər:

  • İxtisasların siyahısının, tədris standartları, planları və proqramlarının mütərəqqi dünya təcrübəsi və əmək bazarının tələblərinə tamamilə uyğunlaşdırılması;
  • Tədris planlarında seçmə fənnlərin sayının artırılması;
  • Müəllimin tələbə tərəfindən seçiminin təmin edilməsi;
  • Müəllimlərin aktiv dərs yükünün azaldılması;
  • Hər müəllimə düşən tələbə sayının beynəlxalq standart olan 1/16 nisbətinə qədər azaldılması;
  • Bütün ixtisaslar üzrə fənnlərin daha effektiv və səmərəli şəkildə keçirilməsinin təmin edilməsi;
  • Yeni tələbələrin universitetə uyğunlaşdırılmasını təmin etmək məqsədilə “oryentasiya günləri”nin effektivliyinin artırılması, qısamüddətli bir fənnin formalaşdırılması və tədris edilməsi;
  • Müəllim-mentor və tələbə-mentor institutlarının bütün universitet üzrə formalaşdırılması;
  • Tələbələrin akademik yazı və danışıq bacarıqlarının inkişaf etdirilməsi;
  • Xarici dil tədrisinin köklü şəkildə dəyişdirilərək mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılması;
  • Tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlbinin genişləndirilməsi;
  • Tələbələrin müasir kompüter proqram-paketlərindən istifadə bacarıqlarının yüksəldilməsi;
  • İnnovativ təlim metodlarından istifadənin genişləndirilməsi;
  • Tələbələrin təcrübələrinin təşkilinin təkmilləşdirilməsi;
  • Tədrisin informasiya təminatının yaxşılaşdırılması, xüsusilə Azərbaycan dilində tədris resurslarının inkişaf etdirilməsi;
  • 7/24 saat çalışan müasir kitabxana şəbəkəsinin qurulması.

Strateji hədəf 1.3. 2030-cu ilə qədər UNEC-in bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsini təmin etmək.

Strateji fəaliyyətlər:

  • Beynəlxalq akkreditasiya qurumları ilə əlaqələrin gücləndirilməsi;
  • Təhsil proqramlarının beynəlxalq akkreditasiya qurumlarının tələblərinə uyğunlaşdırılması.

 

Strateji hədəf 1.4. 2030-cu ilə qədər tələbələrin təqaüd imkanlarını davamlı olaraq artırmaq və onlara yataqxanadan istifadə imkanı yaratmaq.

Strateji fəaliyyətlər:

  • Universitetin daxili imkanları hesabına tələbələr üçün adlı təqaüdlərin təsis edilməsi;
  • Dövlət qurumları və iş adamlarının maliyyələşdirilməsi hesabına tələbələr üçün təqaüdlərin təsis edilməsi;
  • Yeni tələbə yataqxanalarının tikilməsi və ya icarəyə götürülməsi yolu ilə tələbələrin yataqxanalarla təmin edilməsi.

 

Strateji hədəf 1.5. 2030-cu ilə qədər ölkədə və regionda ən geniş distant təhsil xidmətləri təklif edən universitetə çevrilmək.

Strateji fəaliyyətlər:

  • Müasir standartlara cavab verən Distant Təhsil Mərkəzinin formalaşdırılması;
  • Tədris planları üzrə bəzi ümumi fənnlərin distant formada təklif edilməsi;
  • Tamamilə distant təhsil proqramlarının təklif edilməsi.

 

Strateji hədəf 1.6. 2030-cu ilə qədər professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini fasiləsiz olaraq artırmaq və 40 yaşadək professor-müəllim heyətinin payını davamlı yüksəltmək.

Strateji fəaliyyətlər:

  • Asissentlik institutunun formalaşdırılması;
  • Müxtəlif proqramlar çərçivəsində xaricdə təhsil almış və ölkə daxilində yetişmiş gənclər hesabına professor-müəllim heyətinin strukturunun gəncləşdirilməsi;
  • Gənc professor-müəllim heyətinə dəstəyin verilməsi;
  • Elmi dərəcələr və elmi adların verilməsində sərbəstliyin əldə edilməsi;
  • Professor-müəllim heyəti üçün məqsədli təlimlərin sayının və effektivliyinin davamlı artırılması;
  • Beynəlxalq mübadilə proqramlarına cəlb edilən professor-müəllim heyətinin sayının davamlı şəkildə artırılması;
  • Professor-müəllim heyətinin tərkibində əcnəbilərin sayının davamlı artırılması;
  • Professor-müəllim heyəti arasında müxtəlif təyinatlı şuralar və dərnəklərin yaradılmasının stimullaşdırılması. 

 

STRATEJİ MƏQSƏD 2. TƏDQİQAT UNİVERSİTETİNƏ ÇEVRİLMƏK 

Strateji hədəf 2.1. 2030-cu ilə qədər magistratura və doktorantura təhsilini tamamilə mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmaq.

Strateji fəaliyyətlər:

  • Tədris plan və proqramlarının mütərəqqi təcrübə əsasında müasirləşdirilməsi;
  • Magistratura pilləsində təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi;
  • Dissertasiya mövzularının ölkə iqtisadiyyatının və elmin aktual problemlərinə adekvatlığının təmin edilməsi;
  • Magistrant və doktorantların universitetdəki elmi-tədqiqatlara cəlb edilməsi;
  • Nüfuzlu universitetlərdən elmi rəhbərlərin seçilməsi mexanizminin qurulması;
  • Magistr və doktorantlar arasında müəllif hüquqlarına hörmət vərdişinin formalaşdırılması.

 

Strateji hədəf 2.2. 2030-cu ilə qədər milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış ən azı bir “beyin mərkəzi” yaratmaq.

Strateji fəaliyyətlər:

  • Elmi tədqiqatçı heyətinin sayının artırılması və peşəkarlığının yüksəldilməsi;
  • Tədqiqat institutu, mərkəzlər və labaratoriyaların işinin təkmilləşdirilməsi, kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi;
  • Elmin yeni istiqamətləri üzrə tədqiqat və konsaltinq mərkəzlərinin qurulması;

 

Strateji hədəf 2.3. 2030-cu ilə qədər sifarişlər və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını hər il artırmaq və UNEC büdcəsinin 20%-nə çatdırmaq.

Strateji fəaliyyətlər:

  • Tədqiqatların qlobal və milli problemlərin həllinə verdiyi töhfənin yüksəldilməsi;
  • Elmi maliyyələşdirən yerli və xarici fondlarla, həmçinin də sifarişçi qurumlarla UNEC tədqiqatçıları arasında körpü rolunu oynayacaq mexanizmlərin formalaşdırılması;
  • Yerli və beynəlxalq tədqiqat proqramlarına müraciətlərin sayının artırılması;
  • Yerli və beynəlxalq birgə tədqiqat layihələrində iştirakın dəstəklənməsi.

 

Strateji hədəf 2.4. 2030-cu ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını hər il artırmaq və ölkədə lider universitetlər səviyyəsinə yüksəltmək.

Strateji fəaliyyətlər:

  • Birgə yüksək keyfiyyətli tədqiqatlar apara biləcək çevik tədqiqat qruplarının formalaşdırılması;
  • Aparılan tədqiqatların nüfuzlu nəşrlərdə dərci üçün onların xarici dillərə mükəmməl şəkildə çevrilməsinə dəstək mexanizminin yaradılması;
  • Nüfuzlu nəşrlərdə əsər çap edilməsinin stimullaşdırılması mexanizminin daim təkmilləşdirilməsi.

 

Strateji hədəf 2.5. 2030-cu ilə qədər elmi məruzələri “Web of Science” və “Scopus” bazalarına daxil edilən ən azı 2 nüfuzlu beynəlxalq elmi tədbiri (konfrans, konqres, forum və.s.)  təsis və təşkil etmək.

Strateji fəaliyyətlər:

  • Elmi tədbirin təsisi məqsədilə beynəlxalq tərəfdaş universitetlərlə razılığın əldə edilməsi;
  • Elmi tədbirin keçirilməsinə maliyyə dəstəyi verəcək sponsorlarla razılığın əldə edilməsi;
  • Elmi tədbirin ardıcıl olaraq hər il bir dəfə təşkil edilməsi.

 

Strateji hədəf 2.6. 2030-cu ilə qədər “Web of Science” və “Scopus” bazalarına daxil olan ən azı 3 elmi jurnala sahib olmaq.

 

Strateji fəaliyyətlər:

  • Jurnalların təsisi məqsədi ilə beynəlxalq tərəfdaş elm adamları ilə razılıq əldə edilməsi;
  • Jurnalların müstəqil internet səhfəsi ilə birlikdə vaxtlı-vaxtında nəşrinin təşkil edilməsi.
  • Jurnalların fəaliyyətinin müvafiq nüfuzlu beynəlxalq indekslərin tələbləri əsasında qurulması.

 

Strateji hədəf 2.7. 2030-cu ilə qədər hər il bir dəfə iqtisadçı tələbələrin nüfuzlu beynəlxalq tələbə elmi konfransını təşkil etmək.

Strateji fəaliyyətlər:

  • Elmi tədbirin təsisi məqsədilə beynəlxalq tərəfdaş universitetlərlə razılığın əldə edilməsi;
  • Elmi tədbirin keçirilməsinə maliyyə dəstəyi verəcək sponsorlarla razılığın əldə edilməsi;
  • Elmi tədbirin ardıcıl olaraq hər il bir dəfə təşkil edilməsi.

STRATEJİ MƏQSƏD 3. SAHİBKAR UNİVERSİTETƏ ÇEVRİLMƏK 

Strateji hədəf 3.1. 2030-cu ilə qədər universitetdəki “start-up”ların sayının hər il artımına nail olmaq.

Strateji fəaliyyətlər:

  • İnnovativ-biznes inkubatorun fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi;
  • Tələbələr və professor-müəllim heyəti arasında “start-up” təlimlərinin keçirilməsi;
  • Tələbələrlə yanaşı, professor-müəllim heyətinin də “start up”larının qurulması.

 

Strateji hədəf 3.2. 2030-cu ilə qədər universitetin patent müraciətlərinin və kommersiyalaşan patentlərinin sayını hər il artırmaq.

Strateji fəaliyyətlər:

  • Professor-müəllim heyətinin milli və beynəlxalq patent müracitələrinə mərkəzləşdirilmiş dəstək mexanizminin qurulması;
  • Texnologiya Transfert Mərkəzinin işinin təkmilləşdirilməsi.

 

Strateji hədəf 3.3. 2030-cu ilə qədər UNEC və biznes dünyasının birgə reallaşdırdığı tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmaq.

Strateji fəaliyyətlər:

  • Biznes dünyası ilə birgə elmi tədqiqatların aparılması;
  • Biznes dünyası ilə birgə tədqiqat mərkəzləri və labaratoriyaların qurulması;
  • Biznes dünyası ilə birgə kommersiya müəssisələrinin qurulması. 

 

STRATEJİ MƏQSƏD 4. SOSİAL XİDMƏTLƏRDƏ APARICI UNİVERSİTETƏ ÇEVRİLMƏK 

Strateji hədəf 4.1. 2030-cu ilə qədər hər il milli səviyyəli ən az bir sosial məsuliyyətlilik layihəsini reallaşdırmaq.

Strateji fəaliyyətlər:

  • Cəmiyyətin elmi yanaşmaya və elmi inkişafa verdiyi dəyəri artırmağa xidmət edən sosial layihələrin həyata keçirilməsi;
  • Cəmiyyətdə ekoloji şüurun inkişafına xidmət edən sosial layihələrin həyata keçirilməsi;
  • Cəmiyyətin aktual sosial prpblemlərinin öyrənilməsinə həsr edilmiş tədqiqat layihələrinin həyata keçirilməsi.

 

Strateji hədəf 4.2. 2030-cu ilə qədər UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini fasiləsiz olaraq təkmilləşdirmək.

Strateji fəaliyyətlər:

  • UNEC-də həyata keçirilən elmi tədqiqatlar, təşkil edilən elmi tədbir və layihələrin nəticələrinin populyar dildə və üslubda cəmiyyətlə bölüşülməsinə xidmət edən əlaqə mexanizmlərinin qurulması;
  • Cəmiyyət üçün açıq tədris resurslarının formalaşdırılması, mühazirə və seminarların təşkil edilməsi və onların internet üzərindən yayılması;
  • UNEC ekspertlərinin media ilə əlaqə mexanimlərinin təkmilləşdirilməsi.

 

Strateji hədəf 4.3. 2030-cu ilə qədər ən azı beş ömür boyu təhsil proqramı üzrə təhsil xidməti göstərmək.

Strateji fəaliyyətlər:

  • Cəmiyyətin ayrı-ayrı sosial problemlərinə həsr edilən maarifləndirmə proqramlarının təşkil edilməsi;
  • Biznes dünyasının müxtəlif ehtiyaclarına xidmət edən qısamüddət sertifikat proqramlarının təşkil edilməsi;
  • Yaşlıların təhsilinə xidmət edən təhsil proqramlarının təşkil edilməsi.

 

Strateji hədəf 4.4. 2030-cu ilə qədər tələbələrin təşkilatlanma mexanizmini və sosial şəraitini daim təkmilləşdirmək.

Strateji fəaliyyətlər:

  • İxtisaslaşmış tələbə təşkilatlarının sayının artırılması;
  • Tələbə Senatı və Tələbə Auditinin formalaşdırılması;
  • Tələbə-universitet-valideyn üçtərəfli əlaqə modelinin tətbiq edilməsi;
  • Tələbələrin karyera quruculuğuna dəstək verilməsi;
  • Tələbələr arasında multikultural dəyərlərin yayılmasına xidmət edən tədbirlərin təşkil edilməsi;
  • Tələbələrə psixoloji dəstək xidmətinin verilməsi;
  • Tələbələrin sosial layihələrinin sayının və çeşidliliyinin artırılması və onların davamlılığının təmin edilməsi.

 

Strateji hədəf 4.5. 2030-cu ilə qədər məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirmək.

Strateji fəaliyyətlər:

  • Məzunlar Assosiasiyasının yaradılması;
  • Məzun Evlərinin yaradılması;
  • Məzun günlərinin keçirilməsi;
  • Fəxri məzunlarla sistemli əlaqə mexanizminin qurulması;
  • Kariyera mərkəzində məzunlarla əlaqə mexanizminin qurulması;
  • Məzunların əlamətdar tədbirlərə dəvət edilməsi;
  • Məzunların elektron məlumat bazasının formalaşdırılması.

  

STRATEJİ MƏQSƏD 5. BEYNƏLMİLƏL UNİVERSİTETƏ ÇEVRİLMƏK 

Strateji hədəf 5.1. 2030-cu ilə qədər UNEC-ə daxil olan tələbələrin sayında əcnəbilərin payını 10 %-ə çatdırmaq.

Strateji fəaliyyətlər:

  • Hədəf ölkələrdə UNEC-in imicinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi;
  • Hədəf ölkələrdə UNEC-in qəbul ofislərinin açılması;
  • Beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması;
  • Ali məktəblərə qəbul üzrə beynəlxalq statuslu imtahanların nəticələri əsasında tələbə qəbulu imkanlarının genişləndirilməsi.

                            

Strateji hədəf 5.2. 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayını daim artırmaq.

Strateji fəaliyyətlər:

  • Effektiv əcnəbi tələbələr ofisinin yaradılması;
  • Beynəlxalq mübadilə tələbəsi statusunun müəyyən edilməsi və onlar üçün prosedurların sadələşdirilməsi;
  • Əcnəbi tələbə və müəllimlər üçün Azərbaycan dilini öyrənmək imkanının yaradılması;
  • Akademik və inzibati heyət üçün xarici dil təhsili imkanının yaradılması;
  • Beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyinin artırılması;

 

Strateji hədəf 5.3. 2030-cu ilə qədər beynəlxalq ikili diplom proqramlarının sayını davamlı artırmaq və 10-a çatdırmaq.

Strateji fəaliyyətlər:

  • Beynəlxalq ikili diplom proqramlarının sayının nüfuzlu universitetlər hesabına artırılması;
  • Magistratura və doktorantura təhsil pillələrində də beynəlxalq ikili diplom proqramlarının formalaşdırılması.

 

Strateji hədəf 5.4. 2030-cu ilə qədər ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq.

Strateji fəaliyyətlər:

  • Müasir standartlara cavab verən Xarici Dil Mərkəzinin formalaşdırılması;
  • Tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi. 

 

STRATEJİ MƏQSƏD 6. DAHA ÇEVİK VƏ YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK UNİVERSİTET İDARƏETMƏ SİSTEMİNƏ SAHİB OLMAQ 

Strateji hədəf 6.1. 2030-cu ilə qədər universitetdə strateji idarəetməni tam şəkildə tətbiq etmək.

Strateji fəaliyyətlər:

  • “UNEC 100” inkişaf strategiyasının təsdiq edilməsi;
  • Bütün inzibati və akademik strukturların “UNEC 100” inkişaf strategiyasına uyğun fəaliyyət planlarının təsdiq edilməsi;
  • Strateji idarəetmənin monitorinq və nəzarət mexanizminin formalaşdırılması və tətbiq edilməsi.

 

Strateji hədəf 6.2. 2030-cu ilə qədər insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək.

Strateji fəaliyyətlər:

  • Universitetin fəaliyyət istiqamətlərinə uyğun akademik və inzibati heyətinin formalaşdırılması və davamlılığının təmin edilməsi;
  • Akademik və inzibati heyətin vəzifə təlimatlarının hazırlanması;
  • Akademik və inzibati heyətin peşəkar hazırlığının təlim proqramları vasitəsilə inkişaf etdirilməsi;
  • Akademik və inzibati heyətin iş yükü və performans ölçmə sistemlərinin davamlı inkişaf etdirilməsi;
  • Karyera yüksəlişində performans göstəricilərinin nəzərə alınması;
  • Əməyin motivasiya sistemlərinin davamlı təkmilləşdirilməsi;
  • Əmək haqqlarının artımının ən azı inflyasiya səviyyəsinə uyğunlaşdırılması;
  • Akademik və inzibati heyətin məmnunluq səviyyəsinin davamlı nəzarət altında saxlanılması.

 

Strateji hədəf 6.3. 2030-cu ilə qədər maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək.

Strateji fəaliyyətlər:

  • Universitetin maliyyə mənbələrinin diversifikasiya edilməsi və artırılması;
  • Sərbəst maliyyə resurslarının səmərəli investisiyalara yönəldilməsi;
  • Təhsil haqqlarının müəyyən edilməsində sərbəstliyin əldə edilməsi;
  • Maliyyə resurslarının ayrılmasında bürokratiyanın minimuma endirilməsi;
  • Maliyyə resurslarının idarəedilməsində fakültələrinin rolunun artırılması;
  • UNEC tədqiqat fondunun inkişaf etdirilməsi;
  • UNEC İanə Fondunun təsis edilməsi;
  • Daxili və kənar audit mexanizmlərindən geniş istifadə edilməsi.

 

Strateji hədəf 6.4. 2030-cu ilə qədər informasiya resurslarının idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək.

Strateji fəaliyyətlər:

  • İdarəetmənin İnformasiya Sisteminin qurulması;
  • Göstərilən elektron xidmətlərin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsi;
  • Mobeil tətbiqlərin dəqstəklənməsi;
  • “Online” xidmətlərinin çoxaldılması və pulsuz Wi-fi sahələrinin yaradılması;
  • “Scopus”, “Ebsco” kimielmi bazalara çıxışın təmin edilməsi;
  • Təqdim edilən elektron xidmətlərin öz aralarında və kənar sistemlərlə inteqrasiyasının təmin edilməsi.

 

Strateji hədəf 6.5. 2030-cu ilə qədər universitet idarəetmə strukturunu optimallaşdırmaq.

Strateji fəaliyyətlər:

  • İnzibati idarəetmə strukturlarının funksionallıq əsasında formalaşdırılması prosesinin tamamlanması;
  • Meqa fakültələrin formalaşdırılması prosesinin tamamlanması;
  • Kafedra sistemindən departament sisteminə keçidin tamamlanması.

 

STRATEJİ MƏQSƏD 7. YÜKSƏK BEYNƏLXALQ REYTİNQLİ UNİVERSİTETƏ ÇEVRİLMƏK 

Strateji hədəf 7.1. 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən birinə çevrilmək.

Strateji fəaliyyətlər:

  • QS və digər nüfuzlu reytinq təşkilatları tərəfindən təşkil edilən seminar, sərgi və digər tədbirlərdə fəal iştirak edilməsi;
  • QS və digər nüfuzlu reytinq təşkilatları tərəfindən təşkil edilən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyinin edilməsi;
  • QS və digər nüfuzlu reytinq təşkilatlarının tələblərinin universitet menecmentinin bütün pillələrində daim nəzərə alınması.

 

MALİYYƏLƏŞDİRMƏ

“UNEC 100” inkişaf strategiyası UNEC-in öz vəsaiti, əldə etdiyi qrantlar və sponsorların maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

 

MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

2019-cu ildən başlayaraq fasiləsiz olaraq “UNEC 100” inkişaf strategiyasında nəzərdə tutulan hədəflərə nə qədər nail olunduğunun monitorinq və qiymətləndirilməsi aparılacaq, yetərsiz məqamların ortadan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

UNEC-in akademik və inzibati strukturları “UNEC 100” inkişaf strategiyasına uyğun olaraq öz strateji inkişaf planlarını hazırlayacaqdır. Bu zaman universitetin onlarla birbaşa bağlı olan strateji hədəflərini strateji məqsədlər, strateji fəaliyyətlərini isə strateji hədəflər kimi seçirlər. Onların fəaliyyətinin qiymətləndirilməsi də həmin strateji planları əsasında aparılacaqdır.