UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək

18 YANVAR 2017 | VIEWS:
2193

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji yol xəritəsi”ində ali təhsil müəssisələri qarşısında duran vəzifələrin və UNEC rektorunun müvafiq əmrinin icrası təmin etmək məqsədilə universitetdə seminarların keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən, Strateji yol xəritəsində qeyd olunan mövzuları daha dərindən araşdırmaq, tədris prosesində istifadə etmək üçün UNEC-in bütün fakültələrində elmi seminarların keçirilməsinə start verilib.

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsi” mövzusunda ilk seminar UNEC-in Maliyyə və Mühasibat fakültəsində keçirilib.

Seminarda fakültə nəzdində fəaliyyət göstərən kafedralarının professor-müəllim heyəti iştirak edib.

Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev bildirib ki, respublikada mövcud olan böhranlı vəziyyətə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində 2016-cı il səmərəli islahatlar ili olub. Maliyyə resurslarının səmərəli realizə olunması hökümətin qarşısında duran vəzifələri uğurla həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşmasına əsaslı imkan yaradıb. Məhz bu amillərdən asılı olaraq, 2016-cı ildə ölkə iqtisadiyyatında müsbət meyllər yaranıb və davam etməkdədir.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Strateji Yol Xəritəsində qarşıya qoyulan məqsəd və hədəflər barəsində ətraflı məlumat verib. Bildirib ki, mühüm sənədin ayrı-ayrı istiqamətlər üzrə öyrənilməsi məqsədi ilə digər fakültələrdə də profillərinə uyğun olaraq seminarların keçirilməsi davam etdiriləcək.

Seminarda “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərov, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev, “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi, professor Nizami Xudiyev, professor Mübariz Bağırov, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müəllimi, professor Rasim Nəbiyev, “Mühasibat uçotu və audit” kafedrasının müəllimi, dosent Niyazi İsmayılov isə məruzə ilə çıxış ediblər. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsi”nin əhəmiyyətindən danışan natiqlər qlobal maliyyə böhranının yeni mərhələyə qədəm qoyduğu bir dövrdə qarşıda duran vəzifələrə toxunaraq, böhrandan çıxış yollarının müəyyənləşməsində və onun reallaşdırılmasında Strateji Yol xəritəsinin konkret istiqamətverici sənəd olduğunu vurğulayıblar.

Sonda G.Musayev bildirib ki, seminarda səsləndirilən fikirlər gələcəkdə tədris prosesində maliyyə və mühasibat ixtisası üzrə təhsil alan tələbələrin hazırlığında əsas istiqamətlərdən biri kimi istifadə olunacaq. Dekan əlavə olaraq qeyd edib ki, Strateji Yol xəritəsinin ayrı-ayrı bölmələrinin öyrənilməsi, seminarda müzakirəsi və təhlili fakültədə davam etdiriləcək. Eyni zamanda tədris prosesində əsas fəaliyyət istiqaməti kimi tətbiq olunacaq. 

2194 1