UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

20 FEVRAL 2017 | VIEWS:
1973

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Universitetləri Federasiyasının (Federation of the Universities of the Islamic World – WORLD) 7-ci Baş Konfransı keçirilib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) mənzil qərargahında keçirilən tədbirdə UNEC-i Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov təmsil edib.

Konfransda ISESCO-nun Baş Direktoru və eyni zamanda FUIW-in baş katibi Dr.Əbdüləziz Osman əl-Tuveycri Federasiyanın 2014-2016-cı illər ərzindəki fəaliyyətinə dair geniş məlumat verib. O, 345 ali təhsil müəssisəsinin üzv olduğu Federasiyanın İslam dünyası ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edən əlaqələndirmə funksiyasını həyata keçirdiyini bildirib. Fərqli ali təhsil sistemlərini təmsil edən universitetlər arasında əlaqələrin inkişafında FUIW-in müstəsna rol oynadığını diqqətə çatdıran digər çıxış edənlər Federasiyanın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair təkliflər də irəli sürüblər.

İki gün davam edən tədbirdə aktiv iştirak edən Ş.Bayramov İslam sivilizasiyasının əsas mərkəzlərdən biri olan Azərbaycan Respublikasında 2017-ci ilin ölkə başçısının müvafiq sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edilməsini və 2017-ci ilin mayında Bakı şəhərinin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırıb. O, tədbir iştirakçılarına İslam dəyərlərinin qorunması və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən çoxsaylı tədbirlər haqqında məlumat verib. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahəsində UNEC-də aparılan işlər barədə danışan Ş.Bayramov FUIW-a üzv olan universitetlərlə tələbə və müəllim mübadiləsi, birgə elmi fəaliyyət və ortaq tədris proqramları üzrə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduqlarını bildirib.

Konfransda Federasiya üzvləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, İslam dünyası universitetlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin hazırlanması, İslam dünyasını əhatə edən elm, texnologiya və innovasiya platformasının yaradılması, ali təhsil müəssisələrinin yeni maliyyə mənbələrinə çıxış əldə etməsi və digər bu kimi mövzularda geniş fikir mübadiləsi aparılıb.

Təşkilati məsələlərin də müzakirə olunduğu Konfransda FUIW-in İdarə Heyətinin 2017-2019-cu illər üçün yeni tərkibi seçilib. 345 üzv arasından cəmi 15 universitetin daxil olduğu İdarə Heyətinə UNEC də seçilib. Bununla da, UNEC yaxın üç il ərzində FUIW-in fəaliyyətində və idarə edilməsində birbaşa iştirak etmək, təşkilat çərçivəsində qərarların qəbul edilməsində aktiv rol oynamaq və Federasiyanın bir sıra tədbirlərinə ev sahibliyi etmək imkanı qazanmış olub. Eyni zamanda, İslam dünyasında ali təhsil sahəsində əməkdaşlığı təşviq edən beynəlxalq təşkilatın İdarə Heyətində təmsil olunması UNEC-in həm Federasiyanın fəaliyyətinə töhvə verməsi, həm də onun həyata keçirdiyi layihələrdən daha çox faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbir çərçivəsində Federasiyanın bir sıra üzv universitetləri ilə ikitərəfli görüşlər keçirilib, eləcə də, Malaziyanın Utara Universiteti ilə UNEC arasında Anlaşma Memorandumu imzalanıb.

FUIW-in 7-ci Baş Konfransında Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri cənab Tarik Əliyev də iştirak edib.

1974 1