UNEC tələbəsi “YGP Talent Network” proqramının yarımfinalında

04 MAY 2017 | VIEWS:
2379

UNEC-in SABAH qruplarının tələbəsi Carlsberg Group-un bir hissəsi olan “Carlsberg Azerbaijan” pivə istehsalı şirkəti Young Global Pioneers-in unikal beynəlxalq tədris proqramında iştirak uğrunda müsabiqənin milli mərhələsini uğurla keçərək, Azərbaycandan olan yarımfinalçı adını qazanıb.

IV kurs tələbəsi Nilgün Aslanova onlarla Gənc İstedadların Qlobal Şəbəkəsinin bir hissəsi olmaq uğrunda yarışıb. İlkin seçim tələbələrin müraciəti əsasında həyata keçirilib. Müraciətdə tələbələr bir neçə suala cavab verərək, günümüzün aktual mövzusu olan “yaşıl iqtisadiyyat”-la bağlı (Enabling transition to green economy in Azerbaijan: role of business, government and society cooperation) esse yazıblar. Daha sonra müraciətləri uğurlu hesab edilən 5 lider konkursda iştiraklarını davam etdirərək, müsahibəyə dəvət olunublar. UNEC tələbəsi hər iki mərhələdən müvəffəqiyyətlə keçib.

Nilgün Aslanova finalçı adını qazanmaq üçün növbəti mərhələdə Young Global Pioneers təşkilatından münsiflər heyəti ilə müsahibədən keçməlidir.

Carlsberg Fondunun bir hissəsi olan Carlsberg Bequest-in dəstəyi ilə müsabiqə Şərqi Avropa regionunun bir neçə ölkəsində (Rusiya, Belarus, Qazaxıstan nvə Azərbaycanda) keçirilir. Carlsberg Azerbaijan seçimi SABAH qrupları ilə eksklüziv partnyorluq çərçivəsində həyata keçirir. Digər ölkələrdən olan yarımfinalçılar da yaxın günlərdə elan olunacaq. Young Global Pioneers onlar arasında Tanzaniya və Zanzibara gedəcək iştirakçını seçəcək. Qalibin adı mayın 11-də elan olunacaq.

YGP Talent Network – 19 yaşdan 25 yaşa qədər olan liderlər üçün beynəlmiləl tədris proqramıdır. Onun missiyası – dünyadakı problemlərin innovasiyalı həll yollarını birlikdə tapmaq üçün dünyadakı gənc istedadları bir araya gətirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası əlaqənin səviyyəsini artırmaq və qlobal şəkildə düşünməyi öyrətməkdir.

Bu il YGP Talent Network 23 iyuldan 12 avqusta qədər keçiriləcək Tanzaniya və Zanzibar üzrə təlim turundan başlayacaq. Üç həftə ərzində planetin müxtəlif yerlərindən 20 yaşıd bir-biriləri haqqında daha çox öyrənmək və dünyadakı problemlərin innovasiyalı həll yollarını tapmaq üçün bir araya gələcək. Turun iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyəti və adətləri öyrənəcək, SOS Uşaq kəndindən olan gənclərlə ünsiyyətdə olacaq, safari-turuna gedəcək və s.

Səfər bitdikdən sonra Young Global Pioneers-in proqramının bütün iştirakçıları İstedadların Qlobal Şəbəkəsinin bir hissəsi olacaq. Bu Şəbəkənin əsasında daha sonra üç aydan bir keçirilən Global Reflection vebinarı və s. kimi onlayn-tədbirlərin mütəmadi olaraq keçirilməsi sayəsində, təlimlər baş tutacaq və mədəniyyətlərarası əlaqələr möhkəmlənəcək.

 

2380 1