UNEC yeni tədris ilinə hazırdır

12 SENTYABR 2019 | VIEWS:
1939

UNEC-də 2019/2020-ci tədris ilinə hazırlıq və UNEC-in 22 avqustda qəbul olunan Nizamnaməsindən irəli gələn vəzifələrin icrasına həsr olunan rektorluğun iclası keçirilib.

Rektor, professor Ədalət Muradov yeni tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

UNEC-in Nizamnaməsinin təsdiqləndiyini və universitetin Publik hüquqi şəxs statusu aldığını diqqətə çatdıran rektor, sənədə əsasən, universitetin strukturunda və idarəetməsində ciddi dəyişikliklərin gözlənildiyini bildirib. Nizamnamədən irəli gələn vəzifələrin icrası ilə bağlı  universitet kollektivinin qarşısında müvafiq vəzifələrin dayandığını qeyd edib.

Ə.Muradov yeni tədris ilində universitetdə bır sıra yeniliklərin həyata keçiriləcəyini də bildirib. UNEC-də uğurlu elektron universitet modelinin tətbiq olunduğunu deyən rektor artıq kağızsız kargüzarlığa keçməyin vaxtı gəlib çatdığını bildirdi. Rektor tələbələrə operativ və innovativ təhsil xidməti göstərən “Bir pəncərə” sisteminin fəaliyyətə başlayacağını qeyd edib.

Sonra İqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalov tədris binalarının, auditoriyaların mövcud durumu və tədrisə hazırlığı barədə, Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev isə tədris prosesinin təşkili haqqında məlumat verib. Müəllimlərin tədris yükünün bölündüyünü, dərs cədvəllərinin hazırlanaraq, Eduman sisteminə yükləndiyini bildirib. Prorektor UNEC-də bu ildən xarici dilin tədrisində yeni standartların tətbiq ediləcəyini diqqətə çatdırıb. UNEC-in Dərbənd və Zaqatala filiallarında tədrisin təşkilindən söz açan A.Rzayev filiallarda qış imtahan sessiyasının elektron universitet modeli əsasında  təşkil olunacağını vurğulayıb.

Elektron İdarəetmə Mərkəzinin direktoru, dosent Zöhrə Həsənova tədris binalarının, auditoriyaların, kitabxanaların texniki vəziyyəti, şəbəkə xidməti ilə təminatı barədə danışıb. Auditoriyalarda quraşdırılan elektron tribuna, proyektor, kompüter və digər texniki avadanlıqların mövcud durumu haqqında hesabatla çıxış edib.

Kitabxana İnformasiya Mərkəzinin müdiri, Adilə Abdullayeva mərkəzin strukturu və fəaliyyəti, UNEC-in 24/7 və digər tədris binalarındakı kitabxanalarının iş rejimi barədə məlumat verib. 24/7 kitabxananın həftənin 7 günü 24 saat, digər kitabxanaların isə uzadılmış iş rejimində saat 22:00-dək fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Sonra dekanlar və struktur bölmə rəhbərlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb.

<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5621-bold-red-unec-yeni-tedris-iline-hazirdir-bold-red“></a>

1940 1