Millət vəkili: “UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq”

19 İYUN 2017 | OXUNUB:
334

UNEC-də “Açıq qapı” günü keçirilib. Yay imtahan sessiyasına həsr edilən “Açıq qapı” da universitetin professor-müəllim heyətinin, tələbə və valideynlərin, eyni zamanda ictimaiyyət nümayəndələrinin müraciətləri dinlənilib. UNEC-in rektoru, professor Ədalət Muradov məsələlərin operativ həlli ilə bağlı struktur bölmələrə tapşırıqlar verib.

Görüşdə UNEC-in rektoru ilə yanaşı, millət vəkili Fazil Mustafa, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva da iştirak ediblər.

F.Mustafa ali təhsil müəssisəsində istər dərs, istər imtahan, istərsə də “Açıq qapı” günlərinin ictimaiyət nümayəndələrinə açıq keçirilməsini dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsi hesab edib. “UNEC bu sahədə uğurla irəliləyir. Həm universitetin elmi tədqiqat mərkəzinə çevrilməsində, həm də tələbə məmnuniyyətinin önə çəkilməsində universitetdə mütəmadi olaraq müsbət halları müşahidə etməkdəyik, bu qürurvericidir. Əminəm ki, qısa müddətdə UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq”.

A.Nağıyev bildirib ki, belə görüşlər şəffaflığın təmin edilməsi, tələbə rektor münasibətlərinin inkişafı, universitetin nüfuzunun artması baxımından mühüm amillərdir: “UNEC İctimai Nəzarət Şurasının üzvü olaraq üçüncü imtahan sessiyasında iştirak edirəm. Müşahidələrim, təhlillərim onu deməyə əsas verir ki, UNEC-də hər semestr təhsilin səviyyəsi artır, imtahan suallarının keyfiyyəti yüksəlir”.

Qeyd edək ki, UNEC rektorunun “Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.  

335 1