“Beynəlxalq ticarətdə milli valyutalardan istifadənin nəzəri və praktiki məsələləri”

19 DEKABR 2017 | VIEWS:
1975

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) növbəti elmi seminarı keçirilib.

Seminarda İAETİ-nin böyük elmi işçisi Salman Nəcəfov “Beynəlxalq ticarətdə milli valyutalardan istifadənin nəzəri və praktiki məsələləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi çıxışında bildirib ki, dünya iqtisadiyyatında baş verən qlobal maliyyə böhranı və milli valyutaların ucuzlaşması qlobal iqtisadiyyatda ziddiyətlərin mövcud olduğunu və bu ziddiyyətləri aradan qaldırmaq üçün yeni yanaşmaların zəruriliyini göstərir. Hazırki şəraitdə dünya ticarətinin 70 faizinin dollarla aparıldığını diqqətə çatdıran S.Nəcəfov dolların həm milli və həm də dünya valyutası olmasının qlobal valyuta sisteminin dayanıqlılığına mənfi təsir göstərdiyini, bunun da dünya iqtisadiyyatında qeyri-sabitliyə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, son illərdə dünya ticarətinin həcminin azalması inflyasiya riskini artırır. İnflyasiya risklərini azaltmaq üçün isə ABŞ-ın Mərkəzi Bankı (FES) 2015-ci ildən etibarən sərt monetar siyasəti həyata keçirir ki, bu siyasət əksər milli valyutaların ucuzlaşması ilə müşayiət olunur.

Seminarda bildirilib ki, bir sıra ölkələr dollardan asılılığı azaltmaq və milli valyutaların dayanıqlığını artırmaq məqsədilə xarici ticarətin milli valyutalarla aparılması istəklərini elan ediblər. Lakin milli valyutaların qeyri-sabitliyi və likvidliyinin aşağı olması xarici ticarətdə milli valyutaların istifadəsinə maneəçilik yaradır.

Seminar müzakirələrlə davam edib.

1976 2