UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas

18 OKTYABR 2018 | VIEWS:
1121

UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, i.e.n., dosent Şaiq Əsgərov tədbir iştirakçılarını Dövlət Müstəqilliyi Günü ilə əlaqədar təbrik etdi. Ş.Əsgərov qeyd etdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan  Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında  “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Baxmayaraq ki, oktyabrın 8-də başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar bir həftədən sonra qəbul edildi. Həmin ilin dekabrın 29-da ümümxalq səsverməsi keçirildi və səsvermə hüququ olan əhalinin 95%-i referendumda iştirak edərək yekdilliklə ölkəmizin dövlət müstəqilliyinə tərəfdar çıxdı. Azərbaycanın müstəqilliyini dünya dövlətləri tanıdı. İlk olaraq 1991-ci ilin noyabrın 9-da Türkiyə, dekabrın 11-də Rumıniya, dekabrın 13-də Pakistan, dekabrın 23-də İsveçrə, dekabrın 25-də İran, 23 yanvar 1992-ci ildə ABŞ, 10 aprel 1992-ci ildə Rusiya və s tanıdılar.

Ş.Əsgərov qeyd etdi ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Müstəqilliyimizn siyasi və iqtisadi sütunları möhtərəm prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında getdikcə daha da möhkəmlənir. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.

Tədbirin davamı olaraq iclas iştirakçılarına dövlət müstəqilliyi gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.

YAP Səbail rayonu UNEC ilk ərazi təşkilatının sədri, İqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalov “Dövlət müstəqilliyimiz: dünən, bu gün və sabah” mövzusunda çıxış etdi. O bildirdi ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının qəbul edilməsi çox mürəkkəb şəraitdə baş tutub. Lakin indi Azərbaycan demokratik quruculuq yolunda inamla addımlayır.

Tədbir çərçivəsində, bədii hissədə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvü, Sabah mərkəzinin II kurs, 402-ci qrup tələbəsi Jalə Rzayevanın Tofiq Bayramın “Azərbaycan deyəndə” şeirini səsləndirməsi böyük çoşqu ilə qarşılandı.

İclasın davamı olaraq Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov “18 oktyabr – müstəqillik uğrunda mübarizəmizin mühüm mərhələsidir” mövzuzunda çıxış etdi.

Sonda “İqtisadiyyat” fakültəsinin III kurs, 123-cü qrup tələbəsi Rəşad Aslanov  Məmməd Arazın “Vətən!  – desin!” şerini səsləndirməsi böyük maraqla qarşılandı.

<a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4270-unec-de-dovlet-mustegilliyine-hesr-olunmush-iclas”></a>

1122 1