UNEC-də “Elm günləri” keçirilir

16 MART 2021 | VIEWS:
829

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri”nə start verilib.

Onlayn keçirilən tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış alimlər, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri də iştirak ediblər.

EFTİED-nin direktoru, professor Zahid Məmmədov ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan 27 mart Elm Günü çərçivəsində UNEC-də 15-30 mart tarixlərində “Elm günləri”nin təşkil olunacağını, fakültələr, tədqiqat mərkəzləri, eləcə də xarici universitetlər və elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarlar, dəyirmi masalar və elmi müzakirələrin keçiriləcəyini qeyd edib.

Tədbirin moderatoru, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova “Elm günləri” çərçivəsində keçirilən ilk tədbirdə UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən Vətən müharibəsinin cəmiyyətə təsiri ilə bağlı geniş müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev “Vətən müharibəsinin cəmiyyətdə düşüncə transformasiyasına və əhalinin həyat məmnuniyyətinə təsiri”  mövzusunda  təqdimatla çıxış edib. Məruzəçi Vətən müharibəsinə konseptual çərçivədə baxış ortaya qoyaraq, əhalinin həyat məmnuniyyətinə təsir edən qeyri-maddi və maddi faktorlardan danışıb. Həmçinin müharibənin cəmiyyətin düşüncə transformasiyasına təsiri, institusional inamın dinamikası, insanların gələcəyə olan ümidliliyi, həyat məmnuniyyəti indeksinin dinamikasını açıqlayıb. X.Alıyev sosial sorğu vasitəsilə aparılan araşdırmaya görə Vətən müharibəsində qazanılan zəfərin cəmiyyətdə düşüncə transformasiyasına əhəmiyyətli təsir etdiyini, əhalinin həyat məmnuniyyətini artdığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Elm günləri”nin keçirilməsinin əhəmiyyətindən danışaraq, aparılan araşdırmanın sosioloji tərəflərinin ölkənin iqtisadi inkişafında faydalı olacağını bildirib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri, şəhid komandir Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova müharibənin şəhid və qazı ailələrində yaratdığı mənəvi yaralardan söz açaraq, şəhid ailələrinə diqqət və qayğının göstərilməsində vətəndaş cəmiyyətinin rolundan bəhs edib.

UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanan tədbir müzakirələrlə davam edib, mövzu ilə bağlı suallar məruzəçi tərəfindən cavablandırılıb.

*

https://news.unec.edu.az/xeber/100-elm/7280-bold-red-unec-de-elm-gunleri-kechirilir-bold-red

 

830 1