UNEC-də müzakirə: İslam bankçılığının Azərbaycanda tətbiqi perspektivləri

10 OKTYABR 2017 | VIEWS:
2199

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrası nəzdində fəaliyyət göstərən “Maliyyə” laboratoriyasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas  sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrası və “2017-ci il İslam Həmrəyli ili” çərçivəsində seminar keçirilib. Seminar 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planından irəli gələn vəzifələri təmin etmək məqsədi ilə təşkil edilib.

“Alternativ bankçılığın (İslam bankçılığı) Azərbaycanda tətbiqi perspektivləri” mövzusuna həsr olunan seminarda “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov alternativ bankçılığın Azərbaycandakı inkişaf perspektivlərindən danışıb və strateji yol xəritələrində bununla əlaqədar həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verib. İslam bankçılığının inkişafı üzrə yeni regional və qlobal çağırışlara diqqət çəkən UNEC professoru son illər bu sahədəki əməkdaşlığın intellektual mübadilə mərhələsində olduğunu diqqətə çatdırıb. Müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, investisiya imkanlarının genişləndirilməsi, kapital alətlərinin çoxaldılması məqsədilə İslam maliyyə sisteminin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

UNEC-in doktorantı, bank sahəsi üzrə təcrübəli mütəxəssis Samir Ağayev mövzu ilə bağlı təqdimatla çıxış edib. Alternativ bankçılıqda İslam bank modelinin ölkə iqtisadiyyatında rolunu təhlil edərək, tətbiqinin əhəmiyyətindən danışıb.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

2200 1