Vergilər nazirinin müşaviri UNEC magistrlərinə ustad dərsi keçib

30 NOYABR 2015 | VIEWS:
2785

Azərbaycan Respublikası Vergilər nazirinin vergi siyasət məsələsi üzrə müşaviri, AMEA-nın müxbir üzvi Akif Musayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in Magistratura Mərkəzində vergi ixtisaslaşması qruplarına ustad dərsi keçən A.Musayev “Azərbaycanda vergilərin və vergitutmanın müasir problemləri” mövzusunda mühazirə oxuyub. Mühazirədə vergi və vergitutma sahəsində mütərəqqi dünya təcrübəsi əsasında Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi vəzifələri, vergi sisteminin problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlər açıqlanıb.

Görüşün sonunda magistrlərin ölkəmizdə vergidən yayınmanın vəziyyəti və səbəbləri, müxtəlif vergi güzəştlərinin sosial-iqtisadi nəticələri, regionların inkişafının stimullaşdırılması üçün vergi mexanizminin imkanları ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, UNEC-də mütəmadi olaraq dövlət iqtisadi strukturlarının rəhbərləri magistrlərə ustad dərsləri keçirlər.

2786 1