UNEC Gənc Müəllimlər Şurasının sədri: “Universitetin nüfuzunun yüksəlməsində müəllimin peşəkarlığı böyük rol oynayır”

24 NOYABR 2017 | VIEWS:
2286

Sabuhi TanriverdiyevUNEC-də gənc müəllimlərin təşəbbüsü ilə UNEC Gənc Müəllimlər Şurası yaradılıb. Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev şuranın sədri seçilib. S.Tanrıverdiyev ilə müsahibəni təqdim edirik:

- Səbuhi müəllim, UNEC Gənc Müəllimlər Şurasının yaradılması təşəbbüsü hansı zərurətdən irəli gəlir?

- Bildiyiniz kimi, UNEC qlobal ali təhsil məkanına sürətlə inteqrasiya edir, beynəlxalq reytinqlərində ciddi irəliləyişlər sərgiləyir. Bu baxımdan UNEC müəllimlərinin həmin proseslərdə fəal iştirakı, təşəbbüskarlığı, peşəkarlıq səviyyələrinin üzə çıxarılması ən vacib məsələ kimi qarşımızda dayanır.

Gənc müəllimlərin potensialının artırılması, universitetin gəncləşdirilməsi istiqamətində UNEC-də son üç ildə uğurlu layihələr reallaşdırılıb. Belə ki, “Gənc professorlar” və “Gənc müəllimlər” layihələri çərçivəsində 300-dən cox gənc UNEC-də pedaqoji və inzibati fəaliyyətə cəlb olunub. Nüfuzlu xarici universitetlərin professorlarının iştirakı ilə gənc müəllimlər üçün qış və yay məktəblərində təlimlər təşkil olunub.

Gənc Müəllimlər Şurasının yaradılması təşəbbüsü də bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. Məqsəd gənc müəllimlərin potensialını üzə çıxararaq, ondan səmərəli istifadə etməkdir. Dünya təcrübəsində də bu, belədir ki, universitetin nüfuzunun yüksəlməsində müəllimin peşəkarlığı böyük rol oynayır. Bu istiqamətdə gənc müəllimlərimizə ümidlər olduqca böyükdür.

- Gənc Müəllimlər Şurasının prioritetlərini necə sıralayardınız?

- Çox güclü analitik qabiliyyətə malik müəllimlərimiz var ki, onları cəmiyyətə öz sahələri üzrə güclü ekspert kimi təqdim etmək lazımdır. Misal ücün, bizim ən fəal və gənc müəllimimiz Fariz Əhmədov bu yaxınlarda “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olub. Bu, universitet üçün qürurvericidir. F.Əhmədovun tədqiqatçılıq təcrübəsindən digər müəllimlərin yararlanması, düşünürəm ki, çox faydalı olar.

Bu ideyaları həyata keçirmək üçün ilk növbədə gənc müəllimlər arasında kommunikasiyanı daha da artırmalıyıq. Elə müəllimlərimiz var ki, uzun illərdir bir müəssisədə çalışırlar, amma bir-birlərini tanımırlar. Onların hər biri öz sahələri üzrə yüksək göstəricilərə malikdirlər. Gənc müəllimlərimiz arasında yaxşı tədqiqatçı, peşəkar pedaqoq, beynəlxalq əlaqələrə və resurslara çıxış imkanları olan, mükəmməl xarici dil və digər bacarıqları olanlar var. Onların arasında kommunikasiya düzgün qurulsa, həmin müsbət keyfiyyətlərini kompleks olaraq yüksəldə bilərik ki, bu da peşəkarlıqla yanaşı, təhsil xidmətləri bazarında rəqabətqabiliyyətliliyi artar, o cümlədən UNEC-in də beynəlxalq reytinqlərdəki yeri yüksələr.

- Şuraya üzv qəbul olunmaq üçün hər hansı yaş həddi varmı və zamanla bu yaşı dolduran müəllimlər şuradan xaric ediləcəklər?

- Biz hələlik şurada 40 yaşı maksimum hədd olaraq müəyyənləşdirmişik. Yaşı 40-ı ötən müəllimlərin şuradan xaricolma mexanzimini hələ ki, düşünməmişik. Mən düşünürəm ki, gənclik dövrü üçün yaş həddi şərti anlamdır.

- Şuranı UNEC-in gənc müəllimlərinin fikir platforması adlandırmaq olarmı və üzvlər hansı ara ilə və hansı formatda toplanacaqlar?

- Şuranın İdarə heyəti var və heyət UNEC-in 7 gənc müəllimindən ibarətdir. Düşünürük ki, idarə heyəti həftədə ən azı bir dəfə toplanacaq. Əsas məqsəd işin səmərəliliyidi, iş elə qurulmalıdı ki, nəticəsi olsun.

- Gənc müəllimlərimizin inkişafının təmin edilməsi ilə bağlı konkret hansı tədbirləri nəzərdə tutursunuz?

- Əsas məqsədimiz gənc müəllimlərin şəxsi və professional inkşafını təmin etmək, beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq, tədqiqat bacarıqlarını yüksəltmək, o cümlədən layihə və qrantlarda uğurlu iştirakını təmin etməkdir. Bu tədbirlərin reallaşdırılması üçün UNEC-də geniş imkanlar var. Şuranın Əsasnaməsinin təsdiqindən sonra tədbrilər planı hazırlanacaq. Gənc müəllimlərin hansı istiqamətdə təlimlərə ehtiyacları olduğu barədə onlarla sorğu keçirib işimizi o istiqamətdə qurmağı nəzərdə tutmuşuq.

- Şuranın tərkibində hər hansı komitənin fəaliyyət göstərəcəyi nəzərdə tutulub?

- Bəli, Şuranın nəzdində təlim, tədqiqat və beynəlxalq əməkdaşlıqla məşğul ola biləcək komitələri də əks etdirməyə çalışacağıq.

- UNEC-də Ağsaqqallar Şurası da fəaliyyət göstərir. İki Şuranın hansısa formada qarşılıqlı əməkdaşlığı nəzərdə tutulubmu?

- Əlbəttə! Agsaqqallar Şurasının üzvləri çox təcrübəli professsorlarımızdır. Bizim qürur mənbəyimiz olan bu qocaman elm fədailəri universitet üçün çox dəyərlidir. Ağsaqqallar Şurası ilə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı olacaq. Qocaman professorların pedaqoji təcrübələri, elmi nailiyyətləri gənc müəllimlərin, xüsusilə də qərb təhsili almış müəllimlərin isə dil bilikləri, müasir texnologiyalardan, o cümlədən qərb təhsil sistemində tətbiq olunan müasir təhsil texnologiyaları və metodikalarının mübadiləsindən çox yülksək elmi nəticə və tədqiqatlar əldə olunacaq.

2287 1