Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rus geoiqtisadiyyat məktəbinin banisi və Rusiya Federasiyası İqtisadi İnkişaf və Ticarət Nazirliyi yanında Ümumrusiya Xarici Əlaqələr Elmi-Tədqiqat İnstitutunun Geoiqtisadiyyatın Strateji Tədqiqatları Mərkəzin rəhbəri E.Q.Koçetovun “Geoiqtisadiyyat” dərsliyi Azərbaycan dilinə tərcümə edilib.
Dərsliyi ADİU-nun Beynəlxalq İqtisadiyyat kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev tərcümə edib. Dərslikdə sürətlə dəyişən dünyanın formalaşma mənbə və prinsiplərini, nəzəri və metodoloji bünövrəsi, gələcək dəyişikliklərin fundamental əsaslarının fəlsəfi təsəvvürü yığcam şəkildə verilib. Eyni zamanda, dünya elm və təhsil təcrübəsində ilk dəfə olaraq qlobal bəşəriyyətin canlı mənzərəsi təsvir edilib ki, burada insanın gerçək və rasional fəaliyyəti – geoiqtisadiyyat mühüm yer tutur, qloballaşmanın mahiyyətini təşkil edir və yeni yüzillikdə bəşəriyyətin tarixi inkişafının bütün gedişini, XX əsrdəki iqtisadi insandan (homo economicus) XXI əsrin geoiqtisadi insanına (homo geoeconomicus) harmonik keçidini müəyyən edir.
Geoiqtisadiyyat iqtisad təmayüllü ali təhsil müəssisələrində “Dünya iqtisadiyyatı” ümumi kursu daxilində xüsusi fənn kimi tədris olunan müstəqil iqtisadi-siyasi kursdur.