Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu diqqətə çatdırıb. Bu qanlı faciənin xalqımızın mübarizə ruhunu sarsıda bilmədiyini, milli azadlıq uğrunda birliyimizi daha da möhkəmləndirdiyini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə Moskvada olmasına baxmayaraq, həmin hadisələrə 21 yanvar 1990-cı ildə kəskin mövqeyini ifadə etdyini deyən prorektor, dahi şəxsiyyətin bu faciə ilə bağlı SSRİ rəhbərliyinə qarşı açıq şəkildə etiraz etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva “Heydər Əliyev və 20 yanvar hadisələri”, kafedra müdiri professor Vəkil Həsənov, kafedranın baş müəllimi İbrahim Babayev “20 yanvar tariximizin qəhrəmanlıq salnaməsidir” mövzularında həmin hadisələri faktlarla əks etdirən təqdimatlarla çıxış ediblər.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş olunub.