Humanitar və ictimai elmlər üzrə qalib elan olunan F.Əhmədov bu mükafata elmi məqalələri, elmi seminarlarda çıxışı, yerli və beynəlxalq layihələrdə iştirakı və səmərəli pedaqoji fəaliyyətinə görə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimində fondun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib ki, gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlərini müsabiqə yolu ilə qiymətləndirmək və mükafatlandırmaq qurumun əsas hədəflərindəndir. Onun sözlərinə görə, müsabiqənin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərən, yüksək impakt faktorlu, nüfuzlu jurnallarda elmi məqalələri dərc olunan, elmi işlərinə istinad edilən alimlərin EİF tərəfindən müəyyənləşdirilərək beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır. E.Babayev bildirib ki, şəffaf və obyektiv keçirilən müsabiqənin nəticələrinə görə, “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” nominasiyaları üzrə 12 alim (8 alim “2016-cı ilin alimi”, 4 alim “2016-cı ilin gənc alimi”) qalib elan olunub. İlin sonunda isə 2018-ci il üçün yeni müsabiqənin elan olunması nəzərdə tutulur.
Tədbirdə müsabiqənin qaliblərinə xüsusi hazırlanan adlı medal, diplom və pul mükafatları təqdim olunub.