Tələbələr üçün dünyaca məşhur “Science Slam” elm müsabiqəsi təşkil olunub
Niyazi RƏHİMOV
UNEC beynəlxalq səviyyəli ilkə imza ataraq, dünyaca məşhur “Science Slam” elm müsabiqəsini təşkil edib. İdeya müəllifi alman Qreqor Benin olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə olaraq Azərbaycanda, UNEC-də təşkil edilən müsabiqənin əsas fəlsəfəsi – həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, bilinən elmə fərqli prizmadan baxaraq populyarlaşdırmaqdır.
Qeyd edək ki, mayın 4-də UNEC-də təşkil edilən müsabiqənin final mərhələsində universitetin rəhbərliyi, müəllim-professor heyəti və tələbələrlə yanaşı, Təhsil Nazirliyinin və Elmin İnkişaf Fondunun rəsmiləri, millət vəkilləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Final mərhələsinin açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki, Azərbaycanda ilk dəfə təşkil edilən Beynəlxalq “Science Slam” elm müsabiqəsi elmin inkişaf strategiyası baxımından intellektual potensialın möhkəmlənməsinə töhfə verəcək.
Rektor bildirib ki, gəncləri elmi tədqiqatlara stimullaşdırmaq, onları elmə maraq doğuracaq prizmadan baxmağa həvəsləndirməklə, dünya elminə çevik inteqrasiyanı təmin etmiş olacağıq.
Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin azad iqtisadi zonalar və offşor, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, milli incilər və aksesuarlar, reklam sənayesi, anti-maddə, RSA şifrələmə sistemi haqqında araşdırmaları diqqətlə izlənilib.
Qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapazonunun qalibi müəyyənləşdirib. 98.7 desibel (dB) səs tezliyində alqış qazanan Rus İqtisadiyyat Məktəbinin tələbəsi Aysel Abbasbəyli birinci yerin sahibi olub. 96.1 dB ilə Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi Məmməd Məmmədli ikinci, iqtisadiyyat fakültəsinin tələbəsi Nərmin Heydərova isə 95.3 dB ilə üçüncü yerə layiq görülüb. Qaliblər hədiyyə kuponu və sertifikatlarla təltif edilib.
I kurs tələbəsi Aysel Abbasbəyli müsabiqədə birinci yerin qalibi olduğu üçün qürur hissi keçirdiyini deyib: “Müsabiqənin gələcək inkişafımda xüsusi rolu olacağını düşünürəm. Təhsil aldığım universitetdə belə bir müsabiqənin keçirilməsi məni çox sevindirir. Bu kimi müsabiqələr biz gənclərdə sərbəst düşünmə, ideya irəli sürmə və öz fikrimizi müstəqil şəkildə ifadə etmək kimi bacarıqları formalaşdırır. Müsabiqənin keçirilməsi ilə bağlı məlumatı əldə edən kimi fakültəmizə müraciət etdim və fakültə daxilində keçirilən birinci mərhələnin qalibi oldum. Bundan başqa, mövzum ətrafında apardığım araşdırmalar nəticəsində xeyli bilik əldə etdim”.
Müsabiqədə ikinci yeri tutan Məmməd Məmmədli də UNEC-də təşkil olunan müsabiqə haqqında fikirlərini bölüşüb: “Azərbaycanda turizm problemləri mövzusu ilə müsabiqədə çıxış etdim. Bu mövzu məni çoxdan maraqlandırırdı. Belə bir müsabiqənin keçirilməsi isə mövzu haqqında fikirlərimi sərbəst şəkildə ictimaiyyətə çatdırmaq üçün bir fürsət oldu. Layihənin davamlı olmasını və gələcəkdə digər formatlarda keçirilməsini arzulayıram. Fikrimcə, belə müsabiqələr biz gənclərin gələcəkdə tədqiqatçı-alim kimi yetişməsinə xüsusi töhfə verəcək”.
Üçüncü yerin qalibi Nərmin Heydərova müsabiqənin ilk mərhələdən obyektiv və şəffaf keçirildiyi fikrindədir. “Müsabiqənin birinci mərhələsində – fakültə daxilində qalib olduqdan sonra məndə final mərhələsində də yer tutacağıma inam hissi yarandı. “Gender bərabərliyi” mövzusunda daha ətraflı araşdırmalar apardıqdan sonra təqdimatımı etdim. Şükürlər olsun ki, adım qaliblər sırasındadır. Apardığım araşdırmalar haqqında sərbəst düşüncələrimi ifadə etmək müsabiqədə məni ən çox sevindirən amil oldu. Düzdür, qalib olmaq tamamilə başqa hissdir. Lakin qalib olmasaydım da, təəssüflənməzdim. Çünki bu müsabiqədə iştirakımız belə bizdə müxtəlif vərdişlərin, bacarıqların formalaşmasına zəmin yaradır, elmi potensialımızı artırır”.