“Tədrisin keyfiyyətinin yüksəldilməsində yeni metodlar və beynəlxalq təcrübə” mövzusuna həsr olunan tədbirdə ADA Universitetinin prorektorları Vəfa Kazdal və Fariz İsmayılzadə də iştirak edib.
UNEC Gənc Müəllimlər Şurasının sədri Səbuhi Tanrıverdiyev bildirib ki, tədbirin məqsədi digər universitetlərlə təcrübə mübadiləsi apararaq, gənc müəllimlərin elmi potensialını daha da artırmaq, eyni zamanda onların təşəbbüskarlığına təkan verməkdir.
“Tədrisin keyfiyyətinin əsas amilləri”ndən danışan ADA Universitetinin Tədris işləri üzrə prorektoru Vəfa Kazdal mövzunu “Kim tədris edir? Nə və niyə tədris edir? Necə tədris edir?” sualları ilə təhlil edib. Təhsil sisteminin başlıca liderlərinin müəllimlər olduğunu diqqətə çatdıran V.Kazdal onların peşəkar və şəxsi keyfiyyətlərinin tədrisin keyfiyyətində vacib rol oynadığını bildirib. Lider müəllimlərin əsas xüsusiyyətlərinin məsuliyyət, yeniliyə açıq, təşəbbüskar, ədalətli olduğunu qeyd edib.
ADA Universitetinin xarici əlaqələr, inzibati işlər və tələbələrlə işlər üzrə prorektoru Fariz İsmayılzadə “ADA Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi prosesində beynəlxalq təcrübədən istifadə” mövzusunda çıxış edib. F.İsmayılzadə bu istiqamətdə universitetin beynəlxalq əlaqələri, sosial layihələri, təqaüd proqramlarının əhəmiyyətini vurğulayıb.
Çıxışlardan sonra gənc müəllimlərin sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.