Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri, tanınmış iqtisadçı Raca Almarzoqi “Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər” mövzusu üzrə çıxışında dünyada və regionda baş verən iqtisadi proseslərə öz münasibətini bildirərək proqnozları açıqlayıb.
BVF-nin proqnozuna əsasən, 2015-ci il ərzində neftin qiymətində ciddi dəyişiklik olmayacaq. Amma 2019-cu ilə kimi dünya bazarında qara qızılın qiyməti 75-79 ABŞ dolları civarında dəyişəcək. Fondun proqnozlarında əsasən, bu il ərzində dünya bazarında təbii qaz, metallar və qida məhsullarında ucuzlaşma tendensiyası davam edəcək. Raca Almarzoqi buna əsas səbəbi şist nefti hasilatında və xam neftə tələbatın azalmasına görüb. Tanınmış ekspert region iqtisadiyyatında baş verən proseslərə də münasibətini bildirib. O qeyd edib ki, neftin qiymətinin düşməsi iqtisadi inkişaf üçün risklər yaradıb. Xüsusən də Rusiya iqtisadiyyatındakı son ilərdə baş verən tənəzzül prosesi regional idxal-ixrac əməliyyatlarına ciddi təsir göstərir. ABŞ-ın pul siyasəti, xüsusilə dolların möhkəmlənməsi də öz təsirini göstərməkdədir.
BVF-nin Azərbaycan missiyasının rəhbəri Raca Almarzoqi risklərdən qorunmaq üçün tövsiyyələrini də çatdırıb. Onun sözlərinə görə region ölkələrində xərclərin tənzimlənməsi, özəl sektorun diqqətin ayrılması və stimullaşdırılmasına ehtiyac var. Raca Almarzoqiorta müddətli iqtisadi inkişafa nail olmaq üçün pul siyasətində sərtləşdirmə, çevik məzənnə, maliyyə sabitliyi, struktur islahatları aparılmasını, xidmət sektorunun təkmilləşdirməsini tövsiyyə edib.
ADİU rektoru, professor Ədalət Muradov qeyd edib ki, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları Azərbaycan iqtisadiyyatının, xüsusilə xidmət sektorunun daha da inkişafına töhfə verəcək.
Sonra ADİU-dan olan iqtisadçılar Beynəlxalq Valyuta Fondunun “Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər” hesabatına öz münasibətlərini bildiriblər.