Postneft dövrünün çağırışlarına uyğun olaraq, Azərbaycan iqtisadiyyatı son 5 ildə əhəmiyyətli transformasiya mərhələsinə qədəm qoymuşdur.İqtisadiyyatın diversifikasiyası, inklüziv, balanslı və dayanıqlı iqtisadi inkişafın möhkəmləndirilməsi Azərbaycan iqtisadiyyatı üçün prioritet hədəflərə çevrilmiş və yeni iqtisadi modelin formalaşmasına şərait yaratmışdır. Bu baxımdan son 5 ilin iqtisadi inkişafı Azərbaycan üçün yeni, dayanıqlı mərhələnin əsasını qoymaqla regionların balanslı iqtisadi formalaşmasına müsbət təsir göstərmişdir.
2014-cü ilin ikinci yarısından başlayaraq, qlobal iqtisadi konyukturun kəskin şəkildə dəyişməsi dayanıqlı inkişaf strategiyası üzrə proseslərin sürətləndirilməsi, iqtisadiyyatın resurs asılılığının minimum həddə qədər azaldılması və diversifikasiya tədbirlərinin genişləndirilməsi zərurətini yaratmışdır. Müasir çağırışlara adekvat olaraq 2016-cı ilin dekabr ayında davamlı inkişafı hədəfləyən Strateji Yol xəritələri təsdiqlənmiş və 2017-ci ildən etibarən fəaliyyət planına uyğun olaraq, işlər davam etdirilmişdir. Son 5 ildə aparılan institusional iqtisadi islahatlara diqqət artırılmış, dövlət strukturunun optimallaşdırılması, səmərəliliyin artırılması kimi istiqamətlərdə mühüm qərarlar qəbul edilmişdir. Eyni zamanda, ötən dövr üçün dövlət vəsaitlərindən məqsədli və şəffaf istifadə mexanizmlərinin təkmilləşdirilməsi prioritetlər sırasında olmuşdur.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni stratetji yanaşmanı ortaya qoydu. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanması postneft dövrünün yeni çağrışlarına uyğun olaraq hazırlanıb təsdiq edilmişdir. İqtisadiyyatın diversifikasiya istiqamətində həyata keçirilən islahatlar eyni zamanda, yeni strateji baxış tələb edirdi ki, məhz Starteji Yol Xəritəsi də buna imkan yaratdı. Qeyd etmək lazımdır ki, Strateji Yol Xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair məlumatları özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan verir.
Yeni iqtisadi model Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, rəqabətin müdafiəsi, iqtisadi liberallaşma tədbirlərinin davam etdirilməsi və eləcə də kiçik və orta sahibkarlığın inkişafı kimi strateji hədəflərə malikdir. Qeyd edilməlidir ki, 11 sektor üzrə strateji xəritələrin hazırlanması və təsdiq edilməsi məhz Azərbaycan iqtisadiyyatında priortitet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratmışdır. Strateji sənəddə fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbulu, xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması, yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiqi, maliyyə bazarının sabitləşdirilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatlar, iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiyası, insan kapitalının inkişafı, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin inkişafı, təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznes davamlılığının möhkəmləndirilməsi kimi hədəflər müəyyənləşdirilmişdir. Göründüyü kimi, strateji sənəddə hər bir hədəf aydın və strateji baxımdan əsaslandırılmış şəkildə təqdim edilməkdədir və bu da iqtisadi islahatların daha da genişləndirilməsi üçün real baza formalaşdırmaqdadır. Ötən dövr ərzində həyata keçirilən fəaliyyətlərin nəticəsi olaraq 2017-ci ilin əvvəlindən etibarən Azərbaycan iqtisadiyyatında bərpa prosesi sürətlənmiş, maliyyə bazarlarında volatilin zəifləməsi xərcləmələri stimullaşdırmış, məcmu tələbin həcmində artım dinamikası müşahidə edilmişdir.
Məhz buna görə də dünya bazar qiymətinin aşağı səviyyədə olmasına baxmayaraq, 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70,135 milyard manata çatmışdır. Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir. 2017-ci ildə qeyri-neft sektorunda isə 2,7 faiz, o cümlədən nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sosial və digər xidmət sahələrində 1,5 faiz artım olmuşdur.
Statistik göstəricilər göstərir ki, Azərbaycan postneft dövründə yeni mərhələyə qədəm qoymuşdur. Bu məhz neftdən asılılığın kəskin azaldığı daha davamlı və dayanıqlı iqtisadi inkişafın formalaşdığı dövrdür.
Son 5 il, həmçinin qeyri-neft sektorunun ixracat qabiliyyətinin artırılması dövrü kimi yadda qaldı. 2017-ci ildə qeyri-neft məhsullarının ixracatı 24 faiz artaraq ümumi neftdən kənar ixracımız 1,5 milyard dollaradək yüksəldi. Bu, məhz son illər aparılan iqtisadi islahatların mühüm nəticəsi kimi xarakterizə edilməlidir.
Ötən illər ərzində ölkədə idxalın yerli istehsal hesabına əvəzlənməsi məqsədilə həyata keçirilən islahatlar öz bəhrəsini vermişdir. Belə ki, 2017-ci ildə ölkəyə idxal edilən məhsulların dəyəri müqayisəli qiymətlər üzrə 18 faiz azalmışdır. İdxalın azalması xarici ticarət saldosunda profisitin artmasına müsbət təsir göstərmiş, həmçinin milli valyutanın məzənnəsinə təzyiqlərin azalması ilə nəticələnmişdir.
2017-ci ildə sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata çatmışdır. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 6,6 faiz, su təchizatı və emalı bölməsində isə 1,7 faiz artmışdır. Bu isə məhz aparılan məqsədyönlü və davamlı iqtisadi inkişafın nəticəsi kimi xaraktərizə olunmalıdır.
Dünya bazarlarında karbohidrogen məhsullarının qiymətlərində pozitiv dinamika ilə yanaşı, müxtəlif istiqamətlərdə, o cümlədən idxalın əvəzlənməsi, ixracın şaxələndirilməsi, investisiya mühitinin daha da təkmilləşdirilməsi yolu ilə ölkəyə xarici sərmayə axınının təşviqi, pul vəsaitlərinin hərəkətinə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi sahələrində həyata keçirilən tədbirlərin nəticəsində tədiyə balansının profisiti əhəmiyyətli səviyyədə yüksəlmişdir.
Tədiyyə balansnın profisi ölkədə maliyyə sabitiliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, ehtiyat aktivlərin (strateji valyuta ehtiyatları) artımına səbəb olmuşdur. Artım həm Mərkəzi Bankın ehtiyatları və həm də Dövlət Neft Fondunun aktivləri üzrə baş verib.
Ötən 5 il, eyni zamanda, bir sıra əlamətdar iqtisadi hadisələrlə tarixə düşdü. 2017-ci ilin oktyabr ayında tikintisi 10 il davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutub ki, bu hadisə ilin mühüm iqtisadi nailiyyətlərindən biri hesab edilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız iqtisadi deyil, siyasi və strateji baxımdan Azərbaycan üçün əhəmiyyətli layihədir. Bu dəmir yolu Azərbaycanın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı üçün imkan yaradır. Eyni zamanda, Çin də daxil olmaqla Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya ölkələri də bu dəmir yolu vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxmaq imkanı əldə edəcəklər.
Sadalananlarla yanaşı, layihə Azərbaycanın tranzit əhəmiyyətini daha da artırmaqla ölkənin strateji inkişaf planının bu istiqamət üzrə dəyər zəncirini tamamlamaqla qeyri-neft iqtisadiyatının mühüm sahəsi olan nəqliyyat sektorunun inkişafını sürətləndirəcək, yerli istehsal və ixrac imkanlarının genişlənməsinə müsbət təsir edəcəkdir.
Beləliklə, ölkəmiz ötən 5 ildə hədəflənən iqtisadi stabillik və dayanıqlı iqtisadi inkişafa nail ola bilmişdir. 2018-ci ildə isə bütün beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın olacağını proqnozlaşdırırlar. Bu isə Azərbaycanı yeni iqtisadi uğurların gözlədiyindən xəbər verir.
Mirağa Əhmədov,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Marketinq” kafedrasının dosenti,
iqtisad elmləri namizədi