UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən konfransda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov mövzunun aktuallığına diqqət çəkərək, Kəlbəcərdə olan Xudavəng Alban məbədinin Azərbaycanın ən böyük monastır kompleksi olduğunu bildirib. Azərbaycanın multikultural xalq olduğuna diqqət çəkən rektor, min ildən çoxdur ki, xalqımız tərəfindən Xudavəng məbədinin qorunub saxlanılmasının bunun bariz nümunələrindən biri olduğunu deyib. A.Şirinov işğal altında olan torpaqlarımızın azad olunması nəticəsində Xudavəng monastrının da əsl sahiblərinə geri qayıtdığını vurğulayaraq, bu məbədin təkcə ölkəmizin deyil, bütün dünyanın ən önəmli məbədlərindən biri kimi ziyarət ediləcəyini bildirib.
UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva Qafqaz Albaniyası abidələrinin Azərbaycan xalqının tarixi-mədəni mirası olduğuna diqqət çəkərək, ermənilərin xüsusilə XX əsrin sonlarından Azərbaycan qarşı işğal siyasətinə başlamasının, əsrlərlə qoruyub saxladığımız tarixi abidələrin çoxunun məhvinə səbəb olduğunu, 30 ilə yaxın erməni işğalı altında qalmış 1000-dən artıq tarixi abidələrmizin, o cümlədən alban məbədlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdılaraq viran edildiyini, qalanlarının isə saxtalaşdırılaraq, erməni kilsəsi kimi təqdim edildiyini deyib. O, Ali Baş Komandan İlham Əliyev və şanlı ordumuz sayəsində 44 günlük müharibədə doğma torpaqlarımızla birlikdə, tarixi abidələrimizin də işğaldan azad edildiyini bildirərək, Qarabağ abidələri və tarixi haqda həqiqətlərin dünya ictimaiyyətinə catdırılacağını vurğulayıb. Qarabagın qısa müddətdə Azərbaycanın digər bölgələri kimi, multukultural dəyərlər məkanına çevriləcəyindən əminliyini ifadə edib.
Türkiyə Mardin-Diyarbakır Metropoliti Saliba Özmen Alban kilsəsinin Türkiyədəki qədim süryani kilsəsi ilə tarixi baglarından bəhs etmiş, Azərbaycanın Xudavəng monastırı kimi bir çox alban kilsələrinin inanc turizminin inkişafı üçün cox böyük bir zənginlik olduğunu vurgulayıb. Alban kilsəsinin yenidən bərpa edilməsi yolunda udi alban kilsəsinə yaxından kömək etməyə hazır olduqlarını bildirən Mitropolit Azərbaycan dövlətinin Udi alban xristianlarını qoruması, Xudavəng monastırı kimi bir çox kilsələrə və məscidlərə eyni dərəcədə qaygı və diqqət göstərməsinə görə Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Kəlbəcərin incisi olan, udilər üçün xüsusi yeri olan Xudavəng məbədinin Azərbaycan tarixindəki zəngin mədəni irsindən danışıb. Bu gün dövlətimizin himayəsində olan həmin məbədlərimizin yenidən bərpa olunacağını, qısa zamanda bu alban məbədlərinin həm ziyarətgah, həm də turizm üçün bütün dünyaya açıq olacağını deyib.
Xudavəng monastırının vaizi Rafik Danakari monastrın öz sahiblərinə geri qayıtmasından böyük qürur hissi keçirdiyini bildirib. Uzun illərin həsrətindən sonra doğma monastırda dua etdiklərinin sevincini yaşadığını deyib.
Volqoqrad Dövlət Qulluğu Akademiyasının Tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari, Kanada Toronto Universiteti, Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova, Niderland Azərbaycan Mədəniyyət evinin sədri Elxan Mirhəşimli, Niderland Azərbaycan Mədəniyyət evinin mətbuat katibi Lalə Aydəmirova Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də mədəni-tarixi irsinin dünyaya tanıdılması istiqamətində görülən tədbirlərdən söz açaraq, təkliflərlə çıxış ediblər.
Çıxışlarda Qafqaz Albaniyası irsinin Kanadada, Avropada tanıdılması, UNEC Multikulturalizm Mərkəzinin apardığı tədqiqatların xarici mediada işıqlandırılması məqsədilə əməkdaşlıq əlaqələrini genişləndirmək, Avropa universitetləri ilə birgə konfranslar təşkil etmək, təklif olunub. Eləcə də həm Avropa, həm də azərbaycanlı gənclərin Qafqaz Albaniyası irsi ilə baglı maarifləndirilməsi istiqamətində də əməkdaşlığım vacibliyi vurğulanıb.
Sonda professor Məhəbbət Paşayeva konfrans iştirakçıları tərəfindən səsləndirilən təkliflərin dəyərləndiriləcəyini bildirib.
*
https://news.unec.edu.az/xeber/100-elm/7093-bold-red-unec-de-azerbaycanin-alban-xristian-mirasi-xudaveng-mebedi-movzusunda-beynelxalg-konfrans-kechirilib-bold-red