Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, BDU, Azərbaycan Texniki Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları da iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov İAETİ-nin son ildə apardığı elmi tədqiqat mövzuları barədə məlumat verib.
Sonra İAETİ-nin direktoru, əməkdar elm xadimi, professor Yadulla Həsənli “Azərbaycanın potensial ÜDM-nin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. ÜDM-in qiymətləndirilməsinə metodoloji baxışlar haqqında məlumat verən məruzəçi bir neçə metodologiya əsasında bu istiqamətdə aparılmış tədqiqatın nəticələri ilə iştirakçıları tanış edib. Tədqiqatda Azərbaycan iqtisadiyyatı üçün CES istehsal funksiyasının parametrləri qiymətləndirilərək, alınan nəticələr potensial ÜDM-ə nail olunması baxımından təhlil edilib. Qiymətləndirmə zamanı potensial ÜDM səviyyəsinin mövcud faktiki səviyyədən böyük olduğu bildirilib. Bunun səbəbinin isə artan neft gəlirləri hesabına ölkəyə gətirilən müasir kapitalı (əsas istehsal fondlarını) tam güçü ilə hərəkətə gətirəcək ixtisaslı işçi qüvvəsinin olmaması qeyd edilib. Məruzəçi ölkədə uzunmüddətli dövrdə elm və təhsilin keyfiyyətinin artırılması yolu ilə müasir ixtisaslara yiyələnən kadrlar yetişdirməklə həmin problemin həllinə nail olmağın mümkünlüyü diqqətə çatdırıb.
Daha sonra iştirakçıların sualları cavablandırılıb, tədqiqatın nəticələri ətrafında müzakirələr aparılıb.
*
https://news.unec.edu.az/xeber/100-elm/7150-unec-de-azerbaycanin-potensial-udm-nin-giymetlendirilmesine-hesr-olunan-tedbir-kechirilib