İyulun 2-dən 4-dək Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM–MTU) (Национальный Исследовательский Университет “Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetinin dəvəti ilə ali təhsil müəssisəsində qonaq olacaq.
ADİU ilə Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti arasında potensial əməkdaşlığın əsas istiqamətlərinə bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirilməsi, qarşılıqlı tələbə və magistrantların, həmçinin professor-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkil edilməsi, müvafiq mövzular üzrə birgə elmi tədqiqatların aparılması və beynəlxalq elmi-tədqiqat qrant layihələrində birgə iştirak edilməsi, hər tədris ilində müvafiq sayda tədqiqatçının digər universitetdə tədqiqat aparması, yeni tədris metodları, modullar üzrə təhsil, tədris prosesinin elektronlaşdırılması, müəllimlərin reytinqinin müəyyən edilməsi və digər məsələlər üzrə təcrübə mübadiləsi, birgə konfransların (vebinar və videokonfranslar da daxil olmaqla) təşkil edilməsi, Ali İqtisad Məktəbi Olimpiadasının hər il ADİU-nun ev sahibliyi ilə keçirilməsi məsələləri daxildir.
Ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlığın tarixçəsi 2014/2015-ci tədris ili ərzində hər iki universitetin beynəlxalq əlaqələr üzrə müvafiq strukturları arasında potensial əməkdaşlıq imkanlarına dair aktiv yazışmaların həyata keçirilməsi ilə başlayıb. Bu ilin 14-15 fevral tarixlərində ADİU-da nüfuzlu Ali İqtisad Məktəbinin Azərbaycan üzrə Olimpiadası keçirilib. 50-yə yaxın azərbaycanlı tələbənin iştirak etdiyi Olimpiadada ADİU-nun 2 tələbəsi qalib olub. Hər iki tələbə AİM–MTU-da ödənişsiz magistratura pilləsində təhsil almaq imkanı əldə ediblər. Həmin ərəfədə Ali İqtisad Məktəbinin professoru M.V.Plotnikov tələbələri üçün master klasslar verib.
Bu ilin 17 aprel tarixində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində “Moskva Beynəlxalq Təhsil Salonu”nda iştirak çərçivəsində ADİU ilə Ali İqtisad Məktəbi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəd ADİU-nun rektoru, professor Ədalət Muradov və Ali İqtisad Məktəbinin rektoru Yaroslav Kuzminov tərəfindən imzalanıb.
“QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan Rusiyanın nüfuzlu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti 1992-ci ildə yaranıb. Universitet 25 minlik tələbə və 2500 nəfərlik tədris heyətinə malikdir. 35 min tələbəni məzun edə universitet liseydən aspirantura və MBA səviyyəsində qədər təhsilin bütün pillələrini əhatə edir. Dünyanın qabaqcıl universitetləri ilə mübadilə və ikili diplom proqramlarına malik ali təhsil müəsissəsində sosial-iqtisadi ixtisasları ilə yanaşı humanitar, mühəndis və kompüter elmləri üzrə geniş spektrli tədris həyata keçirilir.