Dünya təcrübəsini siz – bizim mutəxəssislər, alimlər, bu sahənin müvafiq işçiləri toplamalısız. Nəzəriyyəni – yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur – ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir.
İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.
Rektor dedi ki, burada 14 min tələbə təhsil alır. Böyük rəqəmdir. Əgər keçmişdə tarix fakültəsi, filologiya fakültəsi, o biriləri daha hörmətli idilərsə, indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır.
İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.
Rəqəmsal universitet modeli
Bu tövsiyələr nəzərə alınaraq UNEC-in fəaliyyətinin əsas istiqamətlərindən birini tədrisin və onun idarə edilməsi prosesinin daha səmərəli təşkilini təmin etmək üçün “Elektron Universitet” modelinin tətbiqi təşkil edir. Bu məqsədlə 2015-ci ildən başlayaraq mərhələli şəkildə müasir texnologiyaların və elektron idarəetmə həllərinin tətbiqinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda UNEC-100 inkişaf strategiyasında rəqəmsallaşma sahəsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
UNEC-də “Elektron Universitet” modelinin yaradılması istiqamətində tədrisin bütün prosesləri və parametrləri üzrə məlumat bazasını əhatə edən “EDUMAN” platformasının tətbiqi, habelə “DocNet” elektron sənəd dövriyyəsi proqram təminatı uğurla icra olunmuş, test imtahanlarının təşkili modulu, qəbul prosesinin şəffaflığını və sənədlərin elektron qaydada qəbulunun avtomatlaşdırılmasını təmin edən “Əlavə təhsil elektron idarəetmə modulu”, “İkinci ali təhsil elektron idarəetmə modulu”, “Əcnəbilərin qəbulunun elektron idarəetmə modulu”, “Bakalavriat səviyyəsi üzrə online sənədə qəbulu modulu”, universitetin professor-müəllim heyətinin fəaliyyətinin nəticələrinə əsaslanan “Diferensial əməkhaqqı sistemi”nin tətbiqi ilə əlaqədar müəllimlərin reytinqinin müəyyən edilməsi üçün proqram təminatı tam istismara verilmiş, tələbə heyətinin hərəkətləri, elektron apellyasiya, ÜOMG-nin hesablanması və elektron təqaüd, yay məktəbi, eləcə də imtahanlarla bağlı əlavə hesabatların yaradılması, sistemdən transkriptlərin əldə edilməsi, elektron imtahan sistemindən sualların tələbələrin şəxsi kabinetlərinə göndərilməsi, dərs vəsaitlərinin müəllimin şəxsi kabinetindən tələbələr tərəfindən oxuna bilməsi imkanı, sərbəst işlərin kabinetlər vasitəsilə təqdim edilməsi və elektron jurnalda qiymətləndirilməsi, yazılı imtahan olunan mərkəzlərdə kollokvium və imtahan ballarının sistemə əlavə edilməsi, elektron jurnalın tələbələrin şəxsi kabinetində və dekanlıq tərəfindən baxılması imkanı kimi sistemə yeni funksional modullar əlavə edilmişdir.
Bundan başqa, tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu, distant təhsilin həyata keçirilə bilməsi üçün zəruri infrastruktura malik UNEC Extern Tədris Mərkəzi yaradılmışdır. UNEC Extern Mərkəzində hər birisində eyni zamanda 1000 dinləyiciyə təhsil vermək imkanı olan ən müasir standartlara uyğun audio, video və digər innovativ kommunikasiya avadanlıqları ilə təchiz olunmuş 6 studiya yaradılmışdır. Mərkəz gün ərzində 20 minə yaxın dinləyiciyə təhsil vermək imkanına malikdir. “COVID-19” pandemiyası ilə əlaqədar UNEC-də həmin mərkəzin texniki imkanları vasitəsilə tədris prosesi problemsiz davam etdirilmişdir. UNEC-də başlanılan distant dərslər tədris ilinin əvvəlində təsdiqlənmiş tədris planına uyğun olaraq aparılmış, imtahan sessiyası da distant formada həyata keçirilmişdir.
Qeyd olunanlarla yanaşı, təhsilalanlarla işin daha da təkmilləşdirilməsi, onların müraciətlərinə operativ baxılması məqsədilə 2019-cu ildə bu sahədə “bir pəncərə” prinsipinə əsaslanan xidmət qurulmuş, bununla əlaqədar qeyd olunan sistemin funksionallığının elektron həlləri yaradılmışdır. Bu həllərə tələbə kabinetindən göndərilən elektron müraciətlərin vaxtında cavablandırılması, tələbələrə lazım olan arayışların operativ hazırlanıb təqdim edilməsi və s. daxildir.
Bununla yanaşı, 2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinə, UNEC-in Zaqatala filialına, UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad, Sosial-İqtisadi və Qida Sənayesi kolleclərinə Dövlət İmtahan Mərkəzi yolu ilə qəbul olanların onlayn qeydiyyatı və UNEC-in Dərbənd filialına qəbul olanların onlayn qeydiyyatı sistemi yaradılmış, qeydiyyatdan keçən tələbələr üzrə məlumatların EDUMAN-a inteqrasiyası təmin edilmişdir. Bundan əlavə, 2020-ci ildə UNEC-in şəbəkəsinin, eləcə də serverlərinin təhlükəsizliyini qorumaq üçün təhlükəsizlik avadanlıqları, UPS-lər, lisenziyalar və proqram təminatları alınıb quraşdırılmışdır.
2021-ci ilin sentyabr ayından etibarən tələbə və əməkdaşların universitetin tədris binalarına girişi müvafiq tələblərə uyğun hazırlanmış Biometrik davamiyyət sistemi ilə, onların smart kartlarını qeydiyyatdan keçirməklə girişlərdə yeni quraşdırılmış turniket və temperatur ölçən avadanlıqlar vasitəsilə təşkil edilmişdir. Həmin turniketlər smart kart vasitəsilə peyvənd sertifikatının olub-olmaması və termal kamera sistemi ilə işləyən təmassız termometr vasitəsilə hərarətin müəyyən edilərək buraxılışa icazə verilməsi mexanizmi əsasında işləyir.
Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”nın icrası və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na əsasən, 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Eduman” tədrisin idarəetmə sisteminin DATA bazası və “DocNet” elektron sənəd dövriyyəsi sisteminin arxivi “Hökumət buludu”na köçürülmüşdür. Bununla əlaqədar, bazanın mütəmadi olaraq buludda “backup” olunması üçün cloud sistemlərinə nəzarət xidmətinin (Veb server, ESD və s.) həyata keçirilməsinə zərurət yaranmışdır.
Növbəti tədris illərində də tədris prosesində innovativ yanaşmalardan istifadə edilməklə tədrisin təşkili UNEC üçün daim prioritet istiqamətlərdən olmuşdur. Pandemiya dövründə 100 hibrid auditoriyadan istifadə edilməklə tədrisin fasiləsizliyi təmin edilmiş, tədrisin təşkilində müasir yanaşmalardan olan “Flipped Education” yanaşması ilə pilot layihə tətbiq edilərək tələbələrin tədris prosesində daha aktiv iştirakının təmin edilməsi istiqamətində işlər görülmüşdür.
Əməkdaş, müəllim və tələbələr arasında kommunikasiyanın inkişafının təmin olunması məqsədilə “Kommunikasiya” modulu istifadəyə verilmişdir. Bu modul çərçivəsində UNEC-in əməkdaş, müəllim və tələbələri arasında məsləhət-müzakirənin onlayn qaydada şəxsi kabinetləri vasitəsilə aparılması üçün xüsusi imkan yaradılmışdır. Əməkdaş-tələbə, tələbə-tələbə, fənn üzrə qrup-müəllim, inzibati heyət-müəllim və digər bu kimi şəxslər tərəfindən qruplar formalaşdırılaraq çat vasitəsilə müzakirə və onlayn görüş üçün imkan yaradılmışdır.
ZOOM platformasının EDUMAN sistemi ilə inteqrasiyası təmin edilmiş, müəllim və tələbə kabinetlərinin, imtahan və eləcə də dərs cədvəli, elektron jurnal və digər modulların platforma ilə inteqrasiyası təmin edilmişdir.
Yazılı imtahanların bütün proseslərinin elektron qaydada həyata keçirilməsinə şərait yaradan “Yazılı imtahan modulu” test mərhələsindədir və növbəti tədris ilindən istifadəyə veriləcəkdir.
Fərdi tədris planlarının tələbələr tərəfindən qeydiyyatının avtomatlaşdırılması məqsədilə fərdi tədris planı (FTP), tədris yükü və yay semestri üzrə işlərin başlanması üçün texniki tapşırıq yazılmışdır.
Bu tədris ilinin sonuna inzibati heyətin diferensial əməkhaqqı sisteminin elektron olaraq həyata keçirilməsi üçün proqram təminatı hazırlanır. Qeyri-akademik transkript modulunun istifadayə verilməsi isə növbəti ilin məzunları üçün nəzərdə tutulur.
Universitetin beynəlxalq əməkdaşlığı
2022-ci ildə UNEC ilk dəfə Avropa Komissiyasının Erasmus+ KA2 (Ali təhsildə bacarıqların artırılması) – REFRESH və Jean Monnet modul qrant çağırışları – DIGISHIP üzrə iki layihədə qalib gəlmişdir.
Erasmus+ KA2 çərçivəsində qalib olmuş REFRESH Azərbaycan universitetlərində “Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” layihəsinin məqsədi ali təhsil müəssisələrində yaşıl və dayanıqlı tədris metodologiyalarını, kurs proqramlarını təkmilləşdirmək; layihənin tərəfdaş ali təhsil müəssisələrində pilot kurslara başlamaq üçün “Təlimçilərin Təlim”i proqramına müəllim heyətini cəlb etməklə universitetlərin potensialını artırmaqdır. Bu layihənin 4 xarici, 6 yerli ali təhsil müəssisəsi, 5 yerli qurumdan ibarət konsorsiumu mövcuddur. Xarici tərəfdaşlar arasında Boloniya Universiteti, Barselona Universiteti, Danimarka Texnologiya Universiteti, İsveç Royal Texniki İnstitutu fəaliyyət göstərir. Yerli tərəfdaşlar arasnda Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti yer alır.
UNEC-in qalib olduğu Jean Monnet Module “Daha yaxşı Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları” – DIGISHIP layihəsi Avropa İttifaqının qabaqcıl təcrübələrini mənimsəməklə UNEC-də Rəqəmsal sahibkarlıq kursunun praktikliyini artırmaq məqsədi daşıyır. Bu layihənin məqsədini təmin etmək üçün “Dayanıqlı sahibkarlıq üçün Aİ-nin biznes siyasətləri” və “Rəqəmsal sahibkarlıq və innovasiya” mövzusunda kurslar hazırlanmışdır. Kursun ümumi məqsədi tələbələrə rəqəmsallaşma və sahibkarlıq üzrə Avropa İttifaqının strategiyaları, siyasi alətləri və perspektivləri haqqında ümumiləşdirilmiş fikir təqdim etməkdir. Həmçinin müəssisə, strategiya və maliyyə baxımından Avropa İttifaqının gələcəyə baxışını anlamaq üçün onların bacarıqlarını artırmaqdır.
Beynəlxalq ikili diplom proqramları
Beynəlxalq ikili diplom proqramları ali təhsil pilləsində tələbələrə təhsil dövrü ərzində iki fərqli universitetin diplomunu əldə etməyə imkan verən xüsusi bir təşəbbüsdür. İkili diplom proqramları hər iki universitet tərəfindən birgə müəyyən olunmuş ixtisaslar daxilində əyani təhsil alan tələbələrə təklif olunmaqdadır. UNEC də bu sahədə tələbələrinə öz diplomu ilə yanaşı, dünyanın müxtəlif nüfuzlu universitetlərinin diplomlarını da əldə etmək fürsəti verir. UNEC-də həm bakalavriatura, həm də magistratura təhsil səviyyəsi üzrə beynəlxalq ikili diplom proqramları mövcuddur. UNEC 7 universitetlə 9 ikili diplom müqaviləsi imzalamış və tələbələrinin bu imkanlardan geniş istifadə etməsinə şərait yaratmışdır. Bakalavriatura təhsil səviyyəsi üzrə UNEC Fransanın Montpellier Universiteti və ICD Biznes Məktəbi, Rusiya Federasiyasının Moskva Dövlət Humanitar-Texniki Universiteti ilə, magistratura təhsil səviyyəsi üzrə isə Fransanın Montpellier Universiteti, ABŞ-nin Linkoln Universiteti və Litva Respublikasının Mykolas Romeris Universiteti ilə beynəlxalq ikili diplom proqramının həyata keçirilməsində əməkdaşlıq edir.
Türkiyə Respublikasının Ege Universiteti ilə bakalavriatura təhsil səviyyəsi üzrə “Qida mühəndisliyi” ixtisası üzrə proqrama qəbul növbəti tədris ilindən etibarən həyata keçiriləcək.
Bundan əlavə, UNEC Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə magistratura təhsil səviyyəsi üzrə birgə diplom proqramını da uğurla həyata keçirir. Qərbi Makedoniya Universitetinin müəllimləri ilə yanaşı, UNEC müəllimləri də ildə iki dəfə Yunanıstana ezam olunaraq, proqramda iştirak edən əcnəbi tələbələrin tədris prosesində iştirak edirlər.
Beynəlxalq mübadilə proqramları
UNEC Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+, Türkiyənin Ali Təhsil Şurasının (YÖK) maliyyələşdirdiyi Mevlana, Türk Dövlətləri Təşkilatı Türk Universitetlər İttifaqının (TÜRKUNİB) təşkil etdiyi Orhun və DAAD-Almaniyada təqaüd proqramının qrant layihələri çərçivəsində, eləcə də xarici universitetlərlə ikitərəfli razılıq əsasında həyata keçirilən digər mübadilə proqramlarında uğurla iştirak edir.
Hər il Erasmus+, DAAD qrant layihələri, İsveçrənin Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES – SO Ali İdarəetmə və İqtisadiyyat Məktəbinin və digər mübadilə proqramları çərçivəsində Avropanın müxtəlif ölkələrinin ali təhsil müəssisələri ilə, Mevlana mübadilə proqramı çərçivəsində Türkiyənin 50-dən artıq ali təhsil müəssisəsi ilə əməkdaşlıq edilir, tələbə, müəllim və inzibati heyətin mübadiləsi həyata keçirilir. TÜRKÜNİB tərəfindən təşkil olunan Orhun mübadilə proqramı çərçivəsində isə 2022/2023-cü tədris ilindən etibarən aktiv şəkildə Türk Dövlətlərinin 37 universiteti ilə əməkdaşlıq edilir, tələbə və müəllim mübadiləsi həyata keçirilir.
Bildiririk ki, Orhun mübadilə proqramı çərçivəsində xarici müəllimlər də UNEC-ə səfər edirlər. İlk dəfə bu il 5 əcnəbi müəllim proqram çərçivəsində UNEC-də olmuş, təlim-tədris prosesinə qatılmışdır. Növbəti ildə Orhun mübadilə proqramı çərçivəsində UNEC-in 5 müəlliminin birliyə üzv olan universitetlərə səfəri və həmin universitetlərdən 5 müəllimin UNEC-ə səfəri nəzərdə tutulmuşdur.
UNEC Avropa Universitetlər Assosiasiyasına (EUA), Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB), Avrasiya Universitetlər Birliyinin (EURAS), İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW), Avrasiya Universitetlər Assosiasiyasının (EAU), Qara Dəniz Ölkələri Universitetləri Şəbəkəsinin (BSUN), Avrasiya Universitetləri Reytinq Təşkilatının (IAAR EUA) və s. üzvüdür. Bu qurumların təşkil etdiyi tədbirlərdə fəal iştirak edir.
Əcnəbi tələbələrin cəlb edilməsi
Hazırda UNEC-də 310 nəfər əcnəbi tələbə təhsil alır. Bu tələbələr dünyanın 33 müxtəlif ölkəsindən (Rusiya Federasiyası, Türkiyə Respublikası, Gürcüstan Respublikası, Əfqanıstan Respublikası, Efiopiya FDR, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Bəhreyn, Liviya Respublikası, Ukrayna Respublikası, Çin Xalq Respublikası, Türkmənistan Respublikası, Nigeriya Federativ Respublikası, Niger, İran İslam Respublikası, Pakistan İslam Respublikası, Kamboca, Qırğızıstan, Tanzaniya, Antiqua və Barbuda, ABŞ, İsrail, Maldiv, Şri-Lanka və Sudan) gəlmişlər.
Həmçinin UNEC-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli və 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli sərəmcamları ilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təhsil təqaüdü (qrant) təsis edilmişdir və hazırda sözügedən təqaüd hesabına əcnəbi vətəndaşlar təhsil alırlar.
Beynəlxalq reytinqlərdə iştirak
UNEC QS dünya və regional reytinqi, Times Higher Education Impact Rankings, Webometrics, U-Multirank, U-Multirank Asiya, Greenmetrics, RUR University Rankings, IAAR və SCImago kimi reytinqlərdə yer almaqdadır.
UNEC QS reytinq təşkilatının sıralamasında 2015-2021-ci illər ərzində mövqeyini yaxşılaşdıran yeganə Azərbaycan universiteti kimi “QS Dünya Universitetləri Reytinqi”ndə 2020-ci ildə 1200-cü yerdə, 2021-ci və 2022-ci illərdə isə 1001-1200-cü yerlərdə qərarlaşmışdır.
UNEC ilk dəfə olaraq, QS World, University Rankings by Subject 2023 Dünya reytinqinin nəticələrinə əsasən, İqtisadiyyat və Ekonometrika sahəsi üzrə dünyada ən yaxşı 501-530 universitetlər qrupuna daxil olmuşdur.
UNEC QS regional reytinqində 2021-ci və 2022-ci illərdə 221-230-cu yerlərdə qərarlaşmışdır.
Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən 106 ölkədən olan universitetlərin iştirak etdiyi dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan THE Impact Rankings-in nəticələrinə əsasən, UNEC 2021-ci və 2022-ci illərdə isə 801-1000-ci yerləri tutmuşdur.
4362 ali təhsil müəssisəsinin məlumatları əsasında 3 kateqoriya üzrə (tədqiqat performansı (SCOPUS data bazası), innovasiyaya çıxış və cəmiyyətə təsir) təhlillər aparan SCimago (Scimago Institutions Rankings) reytinq təşkilatının 2022-ci il üzrə açıqladığı nəticələrə əsasən, UNEC dünya universitetləri sırasında 708-ci, Azərbaycanda isə 1-ci yerdə qərarlaşmışdır. Həmçinin sahələr üzrə reytinqə görə, UNEC ölkə universitetləri arasında liderdir. 2023-cü il reytinq nəticələrinə əsasən isə UNEC dünyanın 8433 universiteti arasında “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 691-ci yeri tutmuşdur. Şərqi Avropada isə 803 universitet arasında UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 33-cü, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 69-cu yerdədir. UNEC cari il üzrə olan nəticələrə əsasən, Azərbaycan universitetləri arasında öz liderliyini qorumaqdadır.
“Greenmetrics” reytinq nəticələrinə əsasən, UNEC dünya universitetləri arasında 2021-ci il üzrə 876-cı pillədədir. 2022-ci ildə açıqlanmış nəticələrə əsasən, UNEC ötən illə müqayisədə 10 pillə irəliləyərək 866-cı yerə yüksəlmişdir.
UNEC 2022-ci ildə ilk dəfə U-Multirank Asiya Fənn reytinqində İqtisadiyyat sahəsi üzrə daxil olmuş və 151- 200-cü yer aralığında qərarlaşmışdır. Beləliklə, UNEC həmçinin Asiyanın 18 ən yaxşı universiteti sırasında yer almışdır.
Webometrics reytinq təşkilatının açıqladığı “Şəffaflıq Reytinqi -Google akademik istinadlarına görə ən yaxşı universitetlər” (Transparent Ranking: Top Universitiesi by Citations in Top Google Scholar profiles) reytinqinə əsasən, UNEC 2019-cu il üzrə 6011-ci, 2020-ci il üzrə 4814-cü, 2021-ci il üzrə 4231-ci yerləri tutmuşdur. UNEC Webometrics reytinqində 2022-ci il üzrə ötən illə müqayisədə 519 pillə irəliləyərək 3712-ci yerdə qərarlaşmışdır. 2023-cü ilin nəticələrinə əsasən isə 68 pillə irəliləmiş və 3644-cü yerə yüksəlmişdir.
Universitet elmi
1975-2022-ci illərdə UNEC-in Web of Science profilində 771 elmi əsər indekslənmiş və onlara verilən ümumi istinadların sayı 2848, özünə istinadların sayı 542 təşkil etmişdir.
Həmin elmi əsərlərin 84 faizi, ümumi istinad sayının 75 faizi son 7 ilin payına düşür.
Web of Science-də çap olunmuş məqalələrin sayı 2016-cı illə müqayisədə 2022-ci ildə 14,2 dəfə, istinadların sayı isə 10,4 dəfə artmışdır.
Başqa sözlə, 2016-2022-ci illərdə Azərbaycanın bütün ali məktəbləri üzrə Web of Science-da dərc olunmuş məqalələrin 12,2 faizi UNEC-in payına düşmüşdür.
2022-ci ilədək Scopus bazasında UNEC-ə mənsub olan 712 elmi əsər indekslənmişdir ki, onların 95 faizi 2016-2022-ci illərin payına düşür. Bu elmi əsərlərə ümumi istinad göstəricisi 3211 təşkil etmişdir. Bu dövrdə elmi əsərlərin sayı 24 dəfə, o cümlədən Q1 – Q2 kvartilli jurnallarında 24,3 dəfə, istinadların sayı isı 22 dəfə artmışdır.
Yekunda qeyd etmək istərdim ki, UNEC əməkdaşlarının sosial rifah halını daha da yaxşılaşdırmaq məqsədilə əməkhaqları bir neçə dəfə artırılmışdır. Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əməkhaqqı sistemi tətbiq olunur. Reytinqdə ilk yüzlüyə daxil olmuş əməkdaşlara “Tədqiqatçı” statusunun verilməsi haqqında qaydalar təsdiq edilmişdir. Qaydaya əsasən, “Tədqiqatçı” statusu almış professor-müəllim heyətinin vəzifə maaşına 50 faiz əlavə artım müəyyənləşdirilmişdir.
Görülmüş işlər nəticəsində son 9 ildə UNEC üzrə orta aylıq əməkhaqqı 2.1 dəfə artmışdır. Nəticə etibarilə hazırda UNEC üzrə orta aylıq əməkhaqqı 1296 AZN, pedaqoji heyət üzrə orta aylıq əməkhaqqı isə 1486 AZN-ə yüksəlmişdir.
UNEC-də həyata keçirilən bütün islahatlar Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə əsaslanaraq aparılmışdır. Ümummilli Liderin Azərbaycanda elm və təhsillə bağlı siyasəti, bu dahi şəxsiyyətin uzaqgörənliklə söylədiyi konseptual fikirlər, tarixi tövsiyələr bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir. Bu tövsiyələr Ulu Öndərin ənənələrini yaşadan Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsədlərin təməlində də dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz çıxışlarında bu barədə qeyd edib: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin ölkənin uzunmüddətli inkişafına hesablanan uğurlu siyasəti dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsildə böyük nailiyyətlərin əldə olunmasına, Azərbaycan dövlətinin yüksək sürətlə inkişafına əsaslı zəmin yaradır. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramları, gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor
*
https://news.unec.edu.az/xeber/125-universitet/10189-heyder-eliyev-ve-muasir-universitet-modeli-2