Bu il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi adını qazananlar arasında ən yüksək bal toplayan iki gənci sizə təqdim edirik.
Rəhimova Jalə Anar qızı Buzovna qəsəbəsində yerləşən Emin Əliyev adına 234 saylı orta məktəbin məzunudur. Ən yüksək bal toplaması haqqında danışarkən belə deyir: “Qəbul imtahanlarından 680 bal toplamaq mənim üçün gözlənilməz oldu. Açığı, 600-dən çox bal toplayacağıma inanırdım, lakin 700 bala bu qədər yaxınlaşacağımı gözləmirdim. Fikrimcə, bu uğuru əldə etməyimin ən mühüm səbəbi iki il müddətində mütəmadi çalışmağımdır. Amma onu mütləq deməliyəm ki, mən bunun öhdəsindən tək başıma gələ bilməzdim. Bu, təkcə mənim nailiyyətim deyil. 11 il təhsil aldığım məktəbin müəllimlərinə və biliklərimi təkmilləşdirməkdə mənə dəstək olan hazırlıq müəllimlərimə sonsuz minnətdarlığımı bildirirəm”.
UNEC-i seçməsindən danışarkən, Jalə bildirir ki, iqtisadçı olmaq onun ən böyük arzusu olub: “Topladığım bal mənə istənilən universiteti və fakültəni seçmək imkanı verirdi. Mən isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini seçdim. İqtisadçı olmağı həmişə arzulamışam. Gələcəkdə dövlətimiz üçün daha yararlı kadr olmaq üçün bu ixtisasa UNEC-də yiyələnməyə üstünlük verdim”.
Möhsünov Adil Rüfət oğlu Bakı şəhəri 163 saylı orta məktəbi bitirib. Qəbul imtahanında 674 bal toplayıb. Adil hesab edir ki, imtahanda yüksək nəticə əldə etmək üçün çox çalışmaq lazımdır: “Qəbul imtahanlarında yüksək nəticə göstərə bilmək üçün öncə iradəli olmaq lazımdır. Qarşına məqsəd qoymalı və bu məqsədə çatmaq üçün çox çalışmalısan. Mən də belə etdim”.
İxtisas seçiminə gəlincə isə, o belə deyir: “Hələ uşaqlıqdan pul əməliyyatları və bank işi məni çox maraqlandırıb. Buna görə də UNEC-i seçmişəm. Dünya iqtisadiyyatını dərindən öyrənmək üçün ingilis dilində təhsil almaq mənim üçün çox önəmlidir. Bu imkanı isə mənə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində verdi. Sırf ingilis dilində təhsil ala bilmək üçün BİM-in maliyyə fakültəsini seçmişəm”.