Sentyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində 2015/2016-cı tədris ilinin ilk Elmi Şurası keçirilib. İclasda universitetinin rektoru, professor Ədalət Muradov ötən tədris ilində əldə edilən nəaliyyətlərdən söz açıb və müəllim-professor heyətinə yeni tədris ilində uğurlar arzulayıb.
Rektor Ə.Muradov, İnzibati və təşkilati məsələlər üzrə prorektor vəzifəsinə yeni təyin olunmuş Şaiq Əsgərovu Elmi Şura heyəti ilə tanış edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyib.
Açıqlanan digər yeni qərara əsasən, Fərrux Tuzcuoğlu Türk dünyası işlətmə fakültəsinə dekan təyin olunub.
Naxçıvan Dövlət Universitetində Elmi işlər üzrə prorektor və Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifələrində çalışmış Anar Kazımov, bundan sonra UNEC-in Beynəlxalq Əlaqələr Departamentində direktor müavini kimi fəaliyyətini davam etdirəcək.
UNEC rektoru Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, Tofiq Əbdülhəsənlinin “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi münasibətilə kollektiv adından təbrik edib.
Elmi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Standartlaşdırma və sertifikasiya” kafedrası üzrə Məhəmmədəli Nuriyevə professor, “İqtisadi təhsil və audit” kafedrası üzrə Fazil Hacıyev iqtisad elmləri doktoru, “Xarici dillər 2” kafedrası üzrə İradə Abdullayevaya filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi elan edilmişdir.
Bu ilki qəbul imtahanlarda UNEC-ə ən yüksək nəticə ilə (680 bal) qəbul olan və “Prezident təqaüdçüsü” adına layiq görülən I kurs tələbəsi Jalə Rəhimova universitet tərəfindən hədiyyə ilə mükafatlandırılıb və təhsilində uğurlar arzulanıb.
İclasın davamında Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə əməkdaşlıqdan söz açılıb. Rektor bildirib ki, əməkdaşlıq davamlı olaraq genişləndirilir və tələbələrin təcrübi bilik əldə etməsində göstərdikləri səylərə görə minnətdarlıq çatdırılıb. Əldə olunan razılaşmaya əsasən, tədrisində fərqlənən universitetin iki müəllimi və ən yüksək nəticə göstərən iki tələbəsi ATİB tərəfindən Türkiyəyə istirahət paketi ilə mükafatlandırılıb.
Elmi Şuranın cari məsələləri üzrə 2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin I kursuna tələbə qəbulu haqqında məruzə dinlənilib. Sənəd qəbulu komissiyasının məsul katibi Həbib Vəliyev, Magistratura Mərkəzinin rəhbəri Qabil Manafov və MBA Departamentinin direktoru Nazim Hacıyev yeni tədris ilində universitetə qəbul olanlar haqqında geniş məruzə ilə çıxış ediblər.