Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 2015/2016 tədris ilində I kursa qəbul olan tələbələrlə görüşlərə başlayıb. Silsilə görüşlərin keçirilməsinə əsas məqsəd yeni qəbul olan tələbələrə universitetdəki yeniliklər, tədris prosesi haqda məlumatları çatdırmaq, tələbələrin universitetlə bağlı təəssüratlarını öyrənməkdir.
UNEC rektoru, professor Ədalət Muradov ilkin olaraq İqtisadiyyat və sənaye, sonra Biznes inzibatçılığı fakültəsinin I kurs tələbələri ilə görüşüb. Rektor çıxışı zamanı universitet haqqında ətraflı məlumat çatdırıb. Bildirib ki, UNEC-də həyata keçirilən hər bir yenilik məhz tələbələr üçündür. Universitetin nüfuzunun yüksəldilməsində tələbə və müəllim heyətinin əhəmiyyətindən danışan rektor qeyd edib ki, UNEC qısa zaman çərçivəsində dünya səviyyəli universitet olmalıdır. Ə.Muradov beynəlxalq əlaqələr sahəsindəki uğurları xüsusi vurğulayıb. Rektor müasir texnologiyaların universitetdə tətbiqindən danışarkən “Elektron universitet” platforması və “Elektron sənəd dövriyyəsi”ndən söz açıb. O, elektron universitet platformasının mahiyyətini açıqlayarkən, tələbələ biliyinin obyektiv qiymətləndirilməsinin əsas olduğu qeyd edib. Rektor tələbələri universitetin ictimai həyatında fəal olmağa, asudə vaxtın səmərəli keçirilməsində yaxından iştirak etməyə çağırıb. Yaradıcılıq mərkəzində fəaliyyət göstərən dərnəklərə qoşulmağı tövsiyə edən rektor, həmçinin Radio UNEC-də tələbə təşəbbüslərinin həyata keçirilməsi üçün şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, tələbələr onları narahat edən problemlər və təklifləri ilə bağlı rektorun şəxsi facebook səhifəsinə yaza bilərlər.
Sonra tələbələr rektora onları maraqlandıran sualları ünvanlayıblar. Ə. Muradov, I kurs tələbələrinin kollokvium və imahanların təşkili, tədris prosesi, dərsə davamiyyət, vahid kampus, təqaüd imkanları, elektron kitabxana və idman yarışlarının keçirilməsi barədə suallarını cavabladırıb.
Görüşün yekununda rektor bildirib ki, xəyallarımızda canlandırdığımız universiteti qısa zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin timsalında reallığa çevirəcəyik.