Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 85 illik yubileyi münasibəti ilə təhsilin səviyyəsinin qaldırılması, dünya standartlarına və dünya elminə uğurla inteqrasiya olunması, həmçinin universitetdə təhsil alan gənc nəsli yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri ilə yanaşı onların Vətən, millət, dövlət sevgisini əməllərində təcəssüm etdirən bir ziyalı, bir insan kimi formalaşması sahəsində göstərdikləri fəaliyyətlərinə görə universitetdə fəaliyyət göstərən bir neçə müəllimə Təhsil naziri Mikayıl Cabbarov “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilmələri üçün əmr imzalayıb.
Bu münasibətlə “Qabaqcıl təhsil işçisi” döş nişanı alan universitetimizin üç müəllimi ilə görüşüb söhbət etdik.
“Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor İrşad Kərimli:
– Azərbaycan Dövlət İqtisad Universiteti Zaqafqaziyada ilk və yeganə iqtisadyönümlü ali məktəb kimi formalaşıb və indi də inkişaf etməkdədir. Ölkə prezidenti cənab İlham Əliyevin UNEC qarşısında qoyduğu vəzifəni universitetin rektoru , professor Ədalət Muradov həyata keçirmək üçün konkret hədəf müəyyən edib. Hədəf UNEC-in nəinki Avropada, habelə dünyanın ən qabaqcıl universitetləri sırasında özünə layiq yer tutmasıdır.
Bu istiqamətin bazası son illərdə universitet rəhbərliyi tərəfindən fasiləsiz olaraq, elm, tədris-metodik sahədə apardığı islathatlardan daha aydın görmək olar.
Biz universitet əməkdaşları biliyimizi, elmimizi və tədris təşkilatçılıq qabiliyyətimizi göstərilən hədəflərə çatmaq istiqamətinə yönəltmək üçün daha fəal cəhd göstərməyə çalışmalıyıq.
“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri, dosent Validə Mehdizadə:
– 85 illik yubileyi keçirilən doğma universitetimizin divarları arasında uzun illərdir ki, müəllimlik edirəm. Azərbaycanda müəllim adı hər zaman yüksəklərdə tutulub. Müəllimə Ulu Öndərimiz həmişə yüksək qiymət verib, müəllim haqqında gözəl fikirlər söyləyib. Onun müəllim haqqında dediyi “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir” fikri müəllimə verilən ən gözəl tərifdir. Mən də müəllimlərimizi universitetimizin 85 illik yubileyi münasibətilə təbrik edirəm. Müəllimlik çox şərəfli və məsuliyyətli işdir. Bu məsuliyyət müəllimlik peşəsinə qarşı son dərəcə həssas və ciddi olmağı tələb edir. Heç kimə sirr deyil ki, Azərbaycanda müəllim peşəsinə olduqca böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü islahatların nəticəsində müəllimlərin maaşlarının bir neçə dəfə artırılmasına nail olunub. Son dövrlər müəllimlərlə bağlı həyata keçirilən faydalı tədbirlərin sayını sadalamaqla kifayətlənmək olmur. Bu isə o deməkdir ki, bizdə müəllim əməyinə dövlət səviyyəsində qiymət verilir. Müəllimlər üçün isə yalnız o qalır ki, bu diqqət və qayğının qarşısında millətimizə layiqincə xidmət edək və bu şərəfli adı qoruyub saxlayaq.
UNEC-in Dərbənd filialının direktoru, professor Rövşən Göyüşov:
– Bir insan üçün həyatda ən başlıca nemət olan dəyəri-biliyi yetişməkdə olan gənc nəslə müəllim verir. Öz çətin əməkləri ilə müəllimlər cəmiyyətə yetişkən fərdlər hazırlayır, onlara həyat yolunu başa çalırlar. Sevindirici haldır ki, müəllimlik peşəsində çalışanların sosial rifahı getdikcə yüksəlmək üzrədir. Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı və təhsil nazirimiz ənənəyə uyğun olaraq, peşə bayramları, çalışdıqları təhsil ocaqlarının yubileyləri ərəfəsində bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı, “Tərəqqi medalı”, “Fəxri fərman”, “Qabaqcıl təhsil işçisi” döş nişanı və s. medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayır. Təhsilimizə göstərdiyi diqqətə görə Prezidentimizə minnətdar olmalıyıq. Bundan sonra müəllim öz üzərində daha çox işləməlidir. Çünki bu günün müəllimi daha çevik, informasiya texnologiyalarından istifadə etməyi bacaran, tədris zamanı innovativ layihələri tətbiq etmək bacarığına malik olmalıdır.
Xatın Qocayeva