UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunub. Keyfiyyət təminat şöbəsinin müdiri Hüseyn Həsənova isə Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra etmək həvalə edilib.
UNEC rektoru professor Ədalət Muradov hər iki prorektoru kollektvə təqdim edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ədalət Muradov, prorektorların təyinatları ilə yanaşı, universitetin strateji hədəflərindən və qarşıda duran məsələlərdən də söz açıb. O, beynəlxalq reytinqlərdə TOP 500-lüyə düşməyin universitetin əsas hədəflərindən olduğunu vurğulayaraq, bu istiqamətdə elmi fəaliyyətin daha da gücləndirilməsinin və beynəlxalq əməkdaşlığın artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Rektor, yeni prorektorların təyinatlarının universitetin inkişafına müsbət təsir edəcəyindən əminliyini vurğulayaraq, UNEC-in beynəlxalq reytinqlərdə yüksəlməsi üçün akademik heyətin, tələbələrin və digər əməkdaşların sinerji yaratmasının əsas amil olduğunu bildirib. O, UNEC ailəsinin hər bir üzvünü öz potensialını ortaya qoyaraq, komanda ruhunda çalışmağa çağırıb.
Sonda, hər iki prorektor onlara göstərilən etimada görə universitet rəhbərliyinə təşəkkürlərini bildirərək, UNEC-in strateji hədəfləri və inkişafı istiqamətində səylə çalışacaqlarını və üzərlərinə düşən düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.