İclasda UNEC İmtahan mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə təqdimatla çıxış edib. O, ixtisas fənləri üzrə imtahanların elektronlaşdırılmış yazılı formada, qeyri-ixtisas fənlərinin isə test üsulu ilə keçiriləcəyini bildirib. İmtahan sessiyası dövründə ənənəvi olaraq, hər həftənin şənbə günü rektorun “Açıq qapı” günlərinin keçiriləcəyini və imtahan qərargahlarının fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov isə 2024-cü ilin “Yaşıl UNEC” ili elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planının icrası barədə hesabatla çıxış edib. O, “Yaşıl UNEC” ili çərçivəsində beynəlxalq konfransların, tədbirlərin, ağacəkmə aksiyalarının, rəsm müsabiqələrinin, idman yarışlarının, ekologiyaya həsr olunmuş kitab təqdimatlarının və digər tədbirlərin keçirildiyini bildirib.
Sonra professorlar Yadulla Həsənli və Yaşar Kəlbiyev Dissertasiya şuralarının illik fəaliyyəti barədə hesabat veriblər.
UNEC-in elmi katibi dos. Ərəbiyyə Mustafayeva isə 2024/2025-ci tədris ilinin I semestri üzrə Elmi Şura qərarlarının icra vəziyyəti haqqında məlumat verib.
Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Elmi Şurada tələbələrin təşəbbüsü ilə “UNEC Diplomatiya Təşkilatı”nın, “UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı”nın və “UNEC Türk Dünyası Gənclər Təşkilatı”nın yaradılması barədə qərar qəbul olunub.
UNEC rektoru professor Ədalət Muradov 2025-ci ildə UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətə başlamasının 10 illinin tamam olduğunu diqqətə çatdıraraq, universitetdə əilliyi olan tələbələrin təhsil alması üçün bütün şəraitin yaradıldığını vurğulayıb.
Elmi Şurada 2025-ci il “UNEC İnkluziv Təhsil İli” kimi elan olunub.