UNEC-də 2022-ci ildən tətbiq edilən Çevrilmiş Tədris Metodu (Flipped Learning) ilə bağlı əldə olunan nəticələr müzakirə olunub.
Rektor professor Ədalət Muradov, Çevrilmiş Tədris Metodu ilə dərs deyən müəllimlərlə görüşərək, UNEC-in tələbəmərkəzli universitetə çevrilməsi istiqamətində tətbiq olunan strateji yanaşmalardan söz açıb: “Çevrilmiş Tədris Metodunun tətbiqi ilə təhsil prosesi daha dinamik və tələbə mərkəzli oldu. Yeni semestrdən isə Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (PBL) metodu tətbiq olunacaq. Burada tələbələr layihə üzərində işləməklə bilik və bacarıqlarını inkişaf etdirəcəklər,” – deyə rektor bildirib. O, yeni metodların tətbiqinin universitetin təhsil yanaşmasını daha interaktiv və əhatəli etməyi hədəflədiyini qeyd edib.
Sonra rektorun müşaviri, israilli ekspert Dan Frişeld UNEC-də Çevrilmiş Tədris Metodunun (ÇTM) tətbiqi ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. O, yeni tədris metodlarının XXI əsrdə tələbələrə lazım olan rəqəmsal bacarıqlar və çevik yanaşmaları özündə ehtiva etdiyini bildirib. ÇTM tətbiqinin tələbələrin müstəqil düşünmə, tədqiqat aparma, komanda şəklində çalışma və problemləri həlletmə bacarıqlarını inkişaf etdirdiyini vurğulayıb. D.Frişeld metodun daha da effektiv olmasını təmin etmək üçün beynəlxalq təsrübəni bölüşərək, təklif irəli sürüb.
Görüşdə müəllimlər öz təcrübələrini paylaşaraq, ÇTM-nun tətbiq edildiyi qruplarda tələbələrin daha fəal olduqlarını və fənlərin mənimsənilməsində yüksək nəticələr müşahidə etdiklərini bildiriblər. Müzakirələr zamanı tədrisində yaranmış bəzi metodoloji, institusional və texniki problemlərə də toxunulub və onun həlli yolları ilə bağlı təkliflər səsləndirilib. Çıxış edənlər UNEC-də tətbiq edilən yeni tədris metodlarının və innovativ yanaşmaların universitetin gələcəyin təhsilinə uyğunlaşmasını təmin etməyi hədəflədiyini qeyd ediblər.
UNEC-də Çevrilmiş Tədris Metodunun nəticələri müzakirə olunub