1950-ci il yanvarın 19-da Ağdam rayonunda anadan olub.
1967-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Sənayenin iqtisadiyyatı fakültəsində təhsil alib və həmin institutu əla qiymətlərlə bitirib. Həmin ildə təyinatla yeni tikilməkdə olan Bakı Maşınqayırma zavoduna iqtisadçı vəzifəsinə göndərilib.
1972-1973-cü illərdə Murmansk vilayətinində hərbi xidmətdə olub. 1974-1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
1975-1978-ci illərdə Azərbaycan Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə aspiranturada təhsil alıb. 1978-ci ildən təyinatla “Siyasi iqtisad” kafedrasına müəllim təyin edilib.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Siyasi iqtisad ixtisası üzrə aspiranturanın əyani şöbəsinə daxil olub. 1978-ci ilin dekabr ayında Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təyinatla “Siyasi iqtisad” kafedrasına müəllim vəzifəsinə göndərilib.
1980-ci ildə “İctimai əmək bölgüsü qanunu və inkişaf etmiş sosializmdə onun fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülüb.
1982-ci ildə Azərbaycan Dövlət Universitetində baş müəllim, 1986-cı ildə dosent seçilib.
1998-ci ilin iyun ayında Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsinə seçilib.
2001-ci ildə “İctimai əmək bölgüsünün sosial iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2008-ci ildən elm və tədris sahəsindəki fəaliyyətini Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirir.
2010-cu ildə İqtisad Universitetinin professoru seçilib və həmin ildə də AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professorluğu təsdiq olunub.
*
1999-cu ildə “Beynəlxalq əmək bölgüsü: formalaşması, dinamikası və strukturu” adlı kitabı, elə həmin ildə “İctimai əmək bölgüsü və onun sosial-iqtisadi problemləri” adlı monoqrafiyası, 2002-ci və 2004-cü illərdə “İqtisadi nəzəriyyə” dərsliyi, 2005-ci ildə “Müasir iqtisadi sistem və qloballaşma” adlı 632 səhifəlik irihəcmli monoqrafiyası, 2014-cü ildə “Pulun diktaturası” adlı 552 səhifəlik monoqrafiyası çap olunub. Ümumilikdə 6 kitabın, 122 məqalənin müəllifidir.
3 dəfə DAAD (Alman Akademik Mübadilə Xidməti) müsabiqəsinin qalibi olub. DAAD müsabiqəsinin qalibi kimi 3 dəfə (01.10.1998 – 01.12.1998, 2004, 25.06 – 25.09 2010) Almaniyanın Ştuttqart Universitetində fəaliyyət göstərib.
10-dan çox doktorluq və namizədlik dissertasiyalarının rəsmi opponenti kimi çıxış edib.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdindəki respublikada doktorluq dissertasiyası üzrə İxtisaslaşdırılmış Şuranın (D.01.181) üzvüdür. Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsinin İqtisadiyyat üzrə problem Şurasının üzvüdür.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının professorudur.
Ailəlidir, iki övladı var.