Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Stokholm Biznes Universitetinin təşkil etdiyi “Peak Time” Tələbələrarası Beynəlxalq Biznes Yarışmasında iştirak edib. Tələbələr seçim turu, 1-ci və 2-ci mərhələlərini yüksək nəticə ilə yekunlaşdıraraq Latviyanın Riqa şəhərində keçirilən final mərhələsində iştirak hüququ qazanıb. Xüsusi İstedadlar fakültəsinin tələbələri Zeynəb Dadaşova, Aysel Naibova, Firəngiz Ağayeva və Emil Mahmudzadədən ibarət komanda beynəlxalq maliyyə bilikləri ilə üstünlük qazanıblar.
ADİU-nun komandası dünyanın qabaqcıl ölkələrindən ABŞ, Çin və Almaniya da daxil olmaqla 500 komanda arasından seçilərək 16 finalçıdan biri olub. Final mərhələsində bacarıq və bilikərini sərgiləyən komanda nəticə etibarilə 6-cı yerə layiq görülüb.
Tədbir çərçivəsində keçirilən “Mədəniyyət günü”ndə tələbələrimiz Azərbaycanı yüksək səviyyədə təmsil edib. Müxtəlif ölkə nümayəndələrinə Azərbaycan mədəniyyəti, tarixi və iqtisadiyyatı haqqında məlumatlar çatdırılıb. Qonaqlara ölkəmiz haqqında müxtəlif kitablar təqdim olunub. Azərbaycan mətbəxinin ləziz təamlarıtədbir iştirakçılarının diqqətini çəkib. Sonda tədbir iştirakçıları tələbələrimizin ifasında olan “Qubanın Ağ Alması” və “Sarı Gəlin” xalq mahnılarını canlı olaraq dinləyiblər.
Artıq 16 ildir keçirilən “Peak time” Tələbələrarası Beynəlxalq Biznes Yarışmasında hər il dünyanın 60 ölkəsindən 1500-dən çox tələbə iştirak edir və Baltikyanı regionda təşkil olunan ən genişmiqyaslı tədbir hesab olunur. Stockholm İqtisadiyyat Universiteti tərəfindən təşkil olunan müsabiqə 4 mərhələdən ibarət olur və Microsoft, McKinsey&company, Danske Bank, Civitta, Fujifilm, UPS kimi iri şirkətlər tərəfindən dətək göstərilir.