Hər tədris ilində olduğu kimi 2017-2018-ci tədris ilində də UNEC Elmi Şurasının qərarı ilə Differensial Əməkhaqqı Sisteminin təkmilləşdirilməsi məqsədilə mövcud Qaydalara müvafiq dəyişikliklər edilib. Dəyişikliklər əsasən aşağıdakı istiqamətlər üzrə aparılıb:
1. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə Daimi Komissiyanın tərkibində dəyişiklik edilərək, bütün fakültələrin və qeyri-ixtisasların təmsil edilməsi prinsipi təmin edilib.
2. Dərslər kriteriyasının çəkisi 0.05 azaldılaraq tədris-metodiki vəsaitlərə əlavə edilib.
3. Sistemdə elmi jurnallar AHCI, SSCI, SCI-EXP (Clarivate), SCOPUS və EBSCO Academic Search Compelete, EconLit kateqoriyaları üzrə təsnif edilib.
4. Monoqrafiyaların ən azı 500 tirajla nəşr edilməsi zəruriliyi təsbit edilib.
5. Digər beynəlxalq nüfuzlu nəşriyyatlar dedikdə xarici universitet nəşriyyatları və ən azı 20 il akademik kitabların nəşri üzrə ixtisaslaşmış xarici nəşriyyatların nəzərdə tutulduğu tələbi təsbit edilib.
6. Jurnal redaktorluğu, redaksiya şurası üzvlüyü və ya resenzentliklə 5 ədədlik say məhduddiyyəti tətbiq edilib.
7. Elmi məruzələr hissəsinə CPCI-S indeksi əlavə edilib.
8. Elmi istinadlara qoyulan say məhdudiyyəti aradan qaldırılıb.
9. Elmi tədbirlər bölməsinə 5 ədədlik say məhdudiyyəti tətbiq edilib.
10. Elmi tədbirin beynəlxalq statusda qəbul edilməsi üçün elm komitəsində ən azı 5 ölkənin alimlərinin təmsil edilməsi tələbi təsbit edilib.
11. Tədris-metodiki vəsaitlər arasından proqramlar və digər tədris-metodiki vəsaitlər çıxarılıb.
12. Tədris komissiyalarından digər tədris komissiyaları çıxarılıb və əvəzinə dissertasiya müdafiə şuraları seminarına üzvlük daxil edilib.
13. Beynəlxalq müəllim mübadilə proqramlarında iştiraka yalnız beynəlxalq müəllim mübadilə proqramları və UNEC-in ikitərəfli müəllim mübadilə müqavilələri çərçivəsində həyata keçirilən mübadilələrin nəzərdə tutulduğu tələbi təsbit edilib.
14. Xarici dil müəllimləri üçün xarici dil dedikdə, tədris etdiyi dildən başqa xarici dilin nəzərdə tutulduğu tələbi təsbit edilib.
15. Xarici dil sertifikatı hər tədris ili üçün təkrar alınarsa, yalnız sertifkatdakı bal əvvəlki ilin balından çox olarsa özünüinkişaf kimi qəbul edilməsi tələbi təsbit edilib.
16.Beynəlxalq nüfuzlu peşə birliyinin ən azı 20 ölkəni əhatə etməsi tələbi təsbit edilib.
17. Hər bir müəllimin Sistemə daxil etdiyi tədqiqatlarının çalışdığı kafedranın profilinə uyğun olması tələbi təsbit edilib.
18. Müəllimlərin Sistemə daxil etdikləri bütün fəaliyyətlərdə yalnız UNEC-in əməkdaşı kimi çıxış etmələrinin zəruriliyi ətraflı şəkildə təsbit edilib.
19. Sistemdə bütün fəaliyyətlərin hansı sənədlə təsdiq ediləcəyi konkret olaraq göstərilib.
20. Daimi Komissiyanın qərarlarından etiraz ərizəsinin verilməsi və ərizəyə baxılmanın prosedur qaydaları ətraflı şəkildə təsbit edilib.
21. Proqram təminatında professor-müəllim heyətinə digər həmkarlarının sistemə daxil etdikləri elmi-pedaqoji fəaliyyətlərlə tanış olmaq imkanı yaradılıb.
Yuxarıda qeyd edilənlərlə yanaşı, Qaydalarda bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər də aparılıb. Aparılan bütün dəyişiklərlə Qaydaların tam mətnindən ətraflı tanış olmaq olar.
Xatırladaq ki, Qaydalara edilən dəyişikliklər Differensial Əməkhaqqı Sisteminin proqram təminatında nəzərə alındıqdan sonra professor-müəllim heyəti cari tədris ili üçün elmi-pedaqoji fəaliyyətləri haqqında müvafiq məlumatları Sistemə daxil edə biləcəklər.