“Bu gün böyük qürur və sevinc hissi ilə məzunu olduğum Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi münasibətilə bütün professor-müəllim heyətini təbrik edirəm!
UNEC mənim üçün təkcə təhsil ocağı olmayıb, həm də peşəkar yoluma sağlam təməl qazandıran bir məktəb olmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizin iqtisadi təhsilinin formalaşmasında lokomativ rolunu oynamışdır və uzun illərdir ki, universitetimizin məzunları istər ölkənin dövlət sektorunda, istər özəl sektorda, istər beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etmişdir. Hər bir tələbə üçün universitetimizin verdiyi bilik və imkanlar həm də tələbələrimiz üçün böyük bir fürsət meydanı olmuşdur. Burada tədrisin keyfiyyəti, müasir yanaşmalar, innovativ düşüncə tərzi gənclərimizin gələcəyinə işıq saçmışdır. UNEC-də keçirdiyim tələbəlik illəri mənim də həyatımda silinməz izlər buraxmışdır. Həm auditoriya, həm mühazirələr mənim bu günkü peşəkar kimliyimin formalaşmasında böyük rol oynamışdır. Bizə dərs deyən, yolumuza işıq saçan və dərs deməklə kifayətlənməyib, bizi düşünməyə, araşdırmağa təşviq edən bizim müəllimlərimiz olmuşdur. Bu gün əldə etdiyim uğurların təməlində məhz UNEC-də qazandığım bilik və bacarıqların rolu olub desəm, yanılmaram.
Əziz tələbələr, siz gələcəyin liderlərisiz. Bilik, təşəbbüskarlıq, eyni zamanda əməksevərlik sizin ən böyük gücünüzdür. Dövlətimiz daim gənclərin inkişafına və məşğulluğuna xüsusi diqqət yetirir. Dövlət Məşğulluq Agentliyi olaraq, biz də ölkəmizin gənclərinin əmək bazarına inteqrasiyası üçün çoxşaxəli proqramlar həyata keçiririk. UNEC-in gənc, bilikli tələbələri, məzunları da bu proqramların fəal iştirakçılarıdır. Eyni zamanda Məzunların Məşğulluq Reytinqi platforması karyera mərkəzləri ilə əməkdaşlıq və digər bizim aktiv məşğulluq tədbirlərilə gənclərin karyera yolunda ilk addımlarını dəstəkləyirik. UNEC tələbə və məzunlarını bu imkanlardan geniş şəkildə yararlanmağa bilik və bacarıqlarını ölkəmizin inkişafı üçün reallaşdırmağa çağırıram.
Azərbaycan Dövət İqtisad Universitetinin rəhbərliyi, dəyərli professor və müəllim heyəti və UNEC ailəsi, bu yubiley münasibətilə hər birinizi təbrik edirəm!”