Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmin strategiyanın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”, eləcə də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” universitetlərin inkişaf istiqamətlərini müəyyən etmişdir.
Bu istiqamətlərdən biri universitetlərin elm, tədqiqat mərkəzinə çevrilməsidir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də tədqiqat universitetinə transformasiya edilməyi hədəfləyir.
Bu məqsədə nail olmaq üçün hansı işlər görülmüşdür? İlk olaraq universitetlərdə səmərəli elmi tədqiqatların təşkili məsələsini müzakirə etmək məqsədilə Nobel mükafatı laureatı Əziz Sancarın iştirakı ilə beynəlxalq konfrans düzənləndi. Konfransda başda Azərbaycan Respublikasının təhsil naziri olmaqla “Clarivate Analytics” nümayəndələri çoxlu xarici mütəxəssislərlə birlikdə bu istiqamətdə ən aktual məsələlərə aydınlıq gətirildi.
Regionda ilk dəfə müəllimlərin reytinq sistemi tətbiq edildi və həmin reytinqdə elmi tədqiqatların payı əvvəlki 40 faizdən hazırda 70 faizə qədər yüksəldildi.
Nüfuzlu, impaktı yüksək olan jurnallarda çap edilmiş məqalələrə görə 4000 manata qədər qonorar vermək haqqında qərar verildi. Məlumat üçün bildirək ki, yalnız 2018-ci ildə 2017-ci illə müqayisədə belə qonorarın həcmi 34 dəfə artmışdır.
“Clarivate Analytics” ekspertləri tərəfindən UNEC müəllimlərinə nüfuzlu jurnallarda məqalə çap etdirilməsi yollarına dair iki təlim təşkil edildi. Ölkədə ilk dəfə TEDx və tələbələr arasında elmin cəlbediciliyini artırmaq üçün Science Slam konfransı keçirildi. Gənc alimlər şurası yaradıldı, UNEC Ekspert jurnalı təsis edildi, Diskurs.az virtual iqtisadi forumu təşkil edildi.
UNEC-də 22 tədqiqat mərkəzi yaradıldı və həmin mərkəzlər UNEC-də tədqiqat fəaliyyətinin əsası kimi görünür. Həmin tədqiqat mərkəzlərinin bəzi nailiyyətlərini də qeyd etmək yerinə düşərdi. “UNEC İnkişaf iqtisadiyyatı” Tədqiqat Mərkəzi dünya iqtisad elmi tarixində ilk dəfə Azərilight neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması modelini qurmuşdur. Bu layihə SOCAR-ın sifarişi əsasında yerinə yetirilmişdir. Qürurla demək istəyirəm ki, bu layihənin nəticəsi kimi hazırlanmış monoqrafiya “Springer” nəşriyyatı tərəfindən çapa qəbul edilmiş və martın 29-da işıq üzü görəcək. Həmin kitab artıq Springer və Amazonda sifarişlər üçün yerləşdirilmişdir.
Başqa bir tədqiqat mərkəzi “UNEC Empirik tədqiqatlar mərkəzi”nin tələbələrlə birlikdə apardığı tədqiqatın nəticələri Scopus indeksli jurnalda nəşr edilmişdir. Bu, UNEC tələbələrinin nüfuzlu və indeksli jurnalda məqaləsinin nəşri baxımından UNEC üçün bir yenilik və ciddi uğurdur.
2017-ci ildə UNEC Tədqiqat Fondu təsis edildi və bu fond tərəfindən bir sıra ciddi tədqiqat layihəsi həyata keçirilmişdir.
Bir necə gün əvvəl Web of Science və Scopus indeksi olan beynəlxalq “ESD” konfransa UNEC evsahibliyi etmiş və həmin konfransa UNEC əməkdaşlarının 147 məqaləsi qəbul edildi ki, bu da böyük uğur kimi qəbul edilə bilər.
Tərkibində dörd şöbə olan UNEC elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti və ilk dəfə olaraq Elmmetriya şöbəsi yaradılmışdır.
2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 100 yaşı tamam olacaq və bu tarixlə bağlı əsas hədəfləri özündə ehtiva edən UNEC-100 strategiyası qəbul edilmişdir. Həmin strategiyaya uyğun olaraq UNEC Beynəlxalq Beyin Mərkəzinin yaradılmasını Scopus indeksli UNEC beynəlxalq konfransın təşkil edilməsini ortamüddətli dövrdə qarşıda duran əsas vəzifə kimi müəyyən edilmişdir.
UNEC müəllimlərinin ingilis dilində elmi məqalələr yazmaq bacarığını formalaşdırmaq məqsədilə British Counsil ilə bağlanmış müqaviləyə əsasən 25 müəllim üçün “Akademik ingilis dili” kursuna 10 gün əvvəl start verilmişdir.
Keçən dövr ərzində görülmüş işlərin nəticəsi nə oldu?
– 2019-cu ilin yanvarında açıqlanan “Google Akademik” istinadlara görə UNEC ardıcıl olaraq ikinci dəfə Azərbaycanda universitetlər arasında sitatların sayına görə birinci yerə yüksəldi.
Sonuncu QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya reytinginə əsasən UNEC Akademik reputasiya göstəricisinə əsasən regionun 101-ci ən yaxşı universiteti seçildi.
Web of Science-də çap olunmuş məqalələrin sayı 2014-cü illə müqayisədə 2018-ci ildə 9 dəfə artmışdır.
Sevindiricidir ki, təkcə 2018-ci ildə Web of Science-ə daxil olan mənbələrdə UNEC müəllimlərinin çap olunmuş məqalələrinin sayı 1992-2014-cü illəri əhatə edən 22 ildə çap olunmuş məqalələrin sayından çoxdur.
Nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” UNEC-i “Web of Science Awards – 2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatları ilə təltif edilmişdir. Belə ki, “Clarivate Analytics”-in məlumatına əsasən UNEC-in 1991-2018-ci illərdə “Web of Science”-ə daxil edilən elmi əsərlərinin 56 faizi məhz son 3 ilin payına düşür.
Bütün bu uğurlara baxmayaraq elmi fəaliyyət sahəsində vəziyyət universitetimizin hədəflərindən uzaqdır və UNEC-in mövcud potensialına cavab vermir.
UNEC-in zəif yerlərini aşkar etməyi öyrənməli, etiraf edəcək qədər güclü olmalı və zəif yerlərinin gələcəkdə güclü tərəfinə çevirməyi bacarmaq üçün ciddi işlər davam etdirilməlidir. Bu gün UNEC-də hələ də aradan qaldırıla bilməyən zəif yerlər nədir?
QS beynəlxalq reytinq agentliyinin hesabatına görə UNEC-in ən zəif yerlərindən biri elmi tədqiqat və araşdırmalar olduğu qeyd edilir. QS dünya universitetlərinin reytingində 20 faiz və regional reytinqdə 5 faiz çəkisi olan “məqalələrə görə sitat sayı” göstəricisi üzrə UNEC hələ də belə bal əldə edə bilmir. Bunun əsas səbəbi SCOPUS-da bu göstərici üzrə son 5 ildə UNEC-in ən azı 150 məqaləsinin olmamasıdır. Bununla bağlı maraqlı fakt: 2014-2018-ci illəri əhatə edən son 5 ildə Web of Sciencedə universitetimizin əməkdaşlarının məqalələrinin sayı 55 olmuşdur. Bu göstərici 2009-2013-cü illəri əhatə edən 5 ildə çap olunan məqalələrin sayından 5 dəfə, 2004-2008-ci illəri əhatə edən daha əvvəlki dövrdə çap olunan məqalələrin sayından 7 dəfə çox olmuşdur. Hesab edirəm ki, 82-si elmlər doktoru, 441-i fəlsəfə doktoru olmaqla 818 müəllimin çalışdığı UNEC-də 5 il ərzində 150 məqalənin Scopus-da çap edilə bilməməsi ciddi siqnaldır və bu, görülmüş işlərin hələ də yetərli olmadığını göstərir. Əminəm ki, universitetimizdə bu vəzifənin öhdəsindən gəlmək üçün yetərli potensial mövcuddur.
Bəllidir ki, tədqiqatçılar öz elm sahələri çərçivəsində çalışırlar. Onların işi ondan ibarətdir ki, məlum olmayanı məlum etsinlər. Tədqiqatçı kimi fəaliyyət göstərmək o deməkdir ki, elmə hələ də bəlli olmayanı aydınlaşdırmağı bacarsın. Etiraf edək ki, bir sıra “tədqiqatlar” hələ də formal xarakter daşıyır. Tanınmış Stiven Xoking deyirdi ki, “Biliyin əsas düşməni məhz bilik illüziyasıdır” və UNEC hələ də bu düşmənə qalib gələ bilməmişdir.
Bildiyimiz kimi, tədqiqatçılar təkcə öz laboratoriyalarında, tədqiqat məkanlarında dəyərli vaxtlarını yalqızlıqda, tənhalıqda keçirmirlər. Tədqiqat toplum tərəfindən aparılır və bu toplumda əqli əmək bölgüsü mövcuddur. Hər bir tədqiqatçı öz sahəsində mütəxəssisdir və elmi bilik bütövlükdə toplum çərçivəsində formalaşır və paylanır. Belə bölgü o demək deyil ki, hər bir tədqiqatçı ancaq ona aid olan kiçik məlumat daşıyıcısıdır və toplumun biliyi və yaxud tədqiqatının nəticəsi hər bir tədqiqatçının nəticələrinin sadə cəmidir. Əqli əmək bölgüsü o deməkdir ki, toplum ona daxil olan bütün tədqiqatçıların toplam nailiyyətlərini özündə ehtiva edir. Həqiqətdir ki, UNEC-də hələ də elm toplumunun formalaşdırılması istiqamətində görülmüş işlər gözlənilən nəticəni verməmişdir.
Bəllidir ki, tədqiqatlar sübuta əsaslanır. Sübut isə müxtəlif formada birbaşa müşahidə və yaxud məntiqi nəticə ola bilir. Ancaq təcrübə göstərir ki, tədqiqatçıların nəticələrinin böyük əksəriyyəti nə müşahidələrə, nə də ki, məntiqi nəticələrə əsaslanır. Daha çox nəticələr elm sahəsində tanınmışların elmi nüfuzuna əsaslanır. Təəssüflər ki, UNEC hələ də belələrinin nüfuzundan faydalanmağı oyrənə bilməmişdir.
Diqqəti cəlb edən digər məsələ tədqiqatlara görə konfranslar, seminar, simpoziumlarda iştirak xərclərinin ödənilməsi məsələsidir. Sirr deyil ki, bu məqsədlər üçün maliyyə vəsaitləri əsasən tədqiqatçı olmayan digər şəxslər, təşkilatlar tərəfindən ödənilə bilir. Bu və digər tədqiqatı, elmi tədbirdə iştirakı maliyyələşdirən şəxs və təşkilat əmin olmalıdırlar ki, həmin tədqiqatçının maliyyələşdirilməsi fərdi investora və yaxud daha böyük topluma fayda verə bilər. Etiraf edək ki, UNEC hələ də tədqiqatları maliyyələşdirə biləcək investorların və ya təşkilatların maraq dairəsinə düşə bilməmişdir.
Biliklərin qarşılıqlı asılılığı bu gün daha aydın görünür. Bir sıra elm sahələri o qədər sayda istiqamətləri və bilik həcmini özündə ehtiva edir ki, elmi tədqiqat aparmaq üçün zəruri olan bütün bilikləri bir alimin mənimsəməsi mümkün deyil. Bu gün tədqiqatçılar öz tədqiqatlarında digərlərindən daha çox asılıdırlar və bu müxtəlif elm sahələrini təmsil edən tədqiqatçıların əməkdaşlığını qaçılmaz edir. Bir elmi məqalənin müəlliflərinin sayı 1950-ci ildən 2014-cü ilə qədər demək olar ki, 4 dəfə artaraq 1950-ci ildəki 1,5 müəllifdən 2014-cü ildə 5,5 müəllifə qədər artmışdır. Təəssüf ki, bu gün müxtəlif elm sahələrini təmsil edən müəllim və əməkdaşların birgə tədqiqat nümunələrini UNEC-də tapmaq çətindir.
Universiteti ali təhsil müəssisəsi kimi digər təhsil müəssisələrindən fərqləndirən əsas cəhət tədrislə yanaşı, universitetlərdə tədqiqatların aparılmasıdır. Tədqiqat prosesinə təhsilalanlar (bakalavr və magistrlər) cəlb edilməyənə qədər ciddi nailiyyət mümkünsüz görünür. UNEC-də təhsilalanların birgə elmi tədqiqatlara cəlb edilməsi və təqribən 20 min tələbənin, gənc beyinin potensialının reallaşdırılması üçün görülmüş işlər hələ də öz nəticəsini verməmişdir.
Yuxarıda qeyd edilənləri əsas tutaraq UNEC-də ciddi elmi tədqiqatlar üçün əlavə stimullar yaratmaq üçün ən qısa vaxtda aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğundur:
Yekunda məlumat üçün qeyd edim ki, Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 2018-ci il 9 apreldə imzaladığı sərəncamla mart ayının 27-si Azərbaycan Respublikasında Elm Günü elan edilmişdir. Bu sərəncamı və sərəncamdan irəli gələn vəzifələri əsas tutaraq 27 fevral-27 mart tarixində UNEC-də elm aylığı keçirilir. Bununla bağlı 27 fevralda elm aylığının açılışına həsr edilmiş konfrans keçirilmişdir. Bütövlükdə elm aylığı çərçivəsində UNEC-də 22 tədbir, o cümlədən “Yeni elm sahələri-ekonofizika”, “Elm haqqında Elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri”, “İslam maliyyəsi”, “Tələbələrin elmi fəaliyyətə cəlb edilməsi” və digər maraqlı mövzulara həsr edilmiş müzakirələr keçirilir. Qeyd etmək lazımdır ki, bu konfrans Azərbaycanda ilk dəfə “Nəyi bilmirik” formatında keçirilmiş və elmi tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanması və ötürülməsi ilə bağlı suallara aydınlıq gətirmişdir.
Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor
<a href =”http://news.unec.edu.az/xeber/104-unec-kiv-de/4958-bold-red-hedef-tedgigat-universitetidir-bold-red”></a>