Günel Cəbrayılova UNEC-ə 677 balla qəbul olunub. Hazırda Beynəlxalq İqtisadiyyat Məktəbinin I kursunda maliyyə ixtisası üzrə təhsil alır. 2016/17-ci tədris ilinin qış imtahan sessiyasını ən yüksək göstərici – 100 balla başa vurub. Günellə müsahibəni təqdim edirik:
– Günel sizi təbrik edirik, imtahanları ən yüksək göstəriclərlə bitirdiniz. Bunu necə bacardınız?
– Gündəlik bütün dərslərə hazırlaşırdım. Dərs müddətində keçirilən mühazirələri diqqətlə dinləyir, seminarlara hazır gəlirdim. İmtahana hazırlıq dövründə isə oxuduqlarımı təkrar edib, vacib məqamları dəftərimdə qeyd edirdim. Uğurumun sirri bu qədər sadədir.
– Orta məktəb, eləcə də qəbul imtahanlarını test üsulu ilə vermisiniz, yazılı imtahanlar sizin üçün çətin deyildi, həyəcan var idimi?
– Açıq desəm, kollokviumlarda bir az həyəcanım var idi. Amma imtahanlarda çox sərbəst oldum, həyəcan qalmamışdı. Gündəlik dərslərimə hazırlaşdığım üçün mənim üçün asan oldu. Məncə, yazılı imtahan daha yaxşıdır, çünki yazılı imtahanda fikirlərini ifadə edə bilirsən.
– UNEC-də tədrisin səviyyəsindən razısınızmı?
– Çox razıyam. Bütün fənlər çox yüksək səviyyədə tədris olunur. Mühazirələrdə qaranlıq qalan məqamları müəllimlərimiz böyük həvəslə yenidən izah edirlər. İmtahana hazırlıq dövründə də müəllimlər bizə əlavə vaxt ayırır, çətinlik çəkdiyimiz fənlərdən yaranan sualları cavablandırırdılar. Fürsətdən istifadə edib bütün müəllimlərimizə dərin təşəkkürümü bildirirəm.
– Çətinlik çəkdiyiniz fənn varmı?
– Politologiya fənni mənim üçün çətin gəlir, siyasətlə maraqlanmadığım üçün bu fənn mənə görə çox yenidir. Amma iqtisadiyyat fənnini daha çox sevirəm.
– UNEC-də tələbə mentorlar ilk dəfə olaraq sizin fakültədə fəaliyyətə başlayıb. Onlardan necə, hər hansı bir dəstək görürsünüzmü?
– Mentorlar həqiqətən bizə çox kömək edirlər. İstər dərs strukturunu anlamaqda, istər imtahana hazırlıq prosesində, istərsə də tələbə həyatında.
– Bu il Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunan tələbələr 600-dən yuxarı bal toplayıblar. Sıranızda kifayət qədər Prezident təqaüdçüsü var. Maraqlıdır, bu tələbələrin bir-biri ilə münasibəti necədir? Necə rəqabət aparırsınız?
– Bütün tələbələrin 600-dən yüksək bal toplamasının çox üstün tərəfləri var. Bu o demədkir ki, çox savadlı və uğurlu çevrəmiz var. Bəlkə elə buna görədir ki, münasibətimiz çox yaxşıdır. Sağlam rəqabət aparır, kimsə yüksək nəticə göstərərsə, onun uğuruna ancaq sevinir, təbrik edirik. Bu baxımdan özümü çox şanslı hesab edirəm.
– UNEC tələbələri üçün yaradılan hansı imkandan daha çox faydalanırsınız?
– Daha çox elektron kitabxanadan istifadə edirəm. Kitabxananın bazası çox zəngindir, hətta digər universitetlərdən də gəlib buranın resurslarından istifadə edirlər. Mən də dərslərə, imtahanlara hazırlaşanda bu resurslarda çox faydalanıram. İstəyirəm ki, növbəti semestri də yüksək nəticələrlə başa vurum. Çünki bir semestrlik də olsa təhsilimi xaricdə davam etdirmək istəyirəm. Əsasən, Skandinaviya ölkələrində təhsil almağı arzulayıram. UNEC-in mübadilə proqramları ilə dünyanın nüfuzlu universitetlərində təhsil almaq şansım var. Bu imkanlardan yararlanacağam. Elə buna görə də ÜOMG-nin yüksək olması üçün daha çox çalışacağam.
– Boş vaxtlarınızı necə keçirirsiniz?
– Bədii ədəbiyyat oxuyuram, qrup yoldaşlarımla bir-birimizə izlədiyimiz filmləri, oxuduğumuz maraqlı kitabları məsləhət görürük. Daha çox fantastik janra üstünlük verirəm. Azərbaycan, ingilis, bəzən də türk dilində mütaliə edirəm. Dərsdən sonra tələbə yoldaşlarımızın ad gününü qeyd etmək üçün də bir yerə toplaşırıq.