Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Tələbə rektor” seçkiləri keçirilib və qalib müəyyənləşib. Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə həyata keçirilən 1 illik “Tələbə rektor” layihəsinin məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, eləcə də universitet rəhbərliyi ilə tələbələr arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsidir.
Bir il müddətinə seçilən Tələbə rektor ADİU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.
Seçkilərin keçirilmə qrafikinə uyğun olaraq namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası 14 gün davam edib. Kampaniya çərçivəsində 15 namizəd ADİU-nun bütün tədris binalarında seçiciləri ilə silsilə görüşlər keçirib, fəaliyyət proqramı layihəsini tələbələrə çatdırıblar. Həmçinin, namizədlər haqqında geniş informasiyanın əks olunduğu təşviqat posterləri universitetin elan lövhələrində yerləşdirilib. Həm universitetin rəsmi saytında, həm də facebook sosial şəbəkəsində namizədlərin tanıtımı üçün hər bir şərait yaradılıb.Təbliğatın son həftəsində bütün namizədlərin iştirakı ilə interaktiv debatlar keçirilib.
Fevralın 24-də saat 10:00-da bütün tədris binalarında yaradılan Seçki məntəqələrində səsvermə prosesi başlayıb. Günboyu tələbələrinn məntəqələrə müraciəti yüksək aktivliklə müşahidə edilib. Müvafiq kabinalarda səs verən tələbələr bülleteni şəffaf qutuya daxil ediblər. “Tələbə rektor” seçkilərinin əsasnaməsinə uyğun olaraq, məntəqələrdə hər namizədin 1 müşahidəçisi prosesləri izləyib. Seçki prosesi saat 17:00-da yekunlaşıb və hər hansı neqativ hal qeydə alınmayıb. Səslərin sayılması üçün şəffaf seçki qutuları müşahidəçilərin iştirakı 1 saylı tədris binasına gətirilib və hər kəsin qarşısında möhürlər açılıb.
Namizədlərin müşahidəçilərinin iştirakı ilə “Tələbə rektor” Seçki Komissiyası toplanan səsləri prosedur üzrə sayılmasını həyata keçirib. Səsvermə qaydalarına zidd olan 110 bülletenləğv edilib və aktlaşdırılıb. Ümumilikdə seçkidə səsvermə hüququ olan 3502 tələbə iştirak edib. Nəticəyə əsasən 601 səs çoxluğu ilə Biznes İnzibatçılığı fakültəsinin II kurs tələbəsi Cavanşir Əsədov qalib olub.
Əsasnaməyə uyğun olaraq, qalib namizəd ADİU-nun Elmi Şurasında elan edilib və fəaliyyəti təsdiqlənib. Qaydalara əsasən tələbə-rektor fəaliyyəti müddəti ərzində həm də elmi şuranın üzvü sayılır.