Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorun (İBİ) təşkil etdiyi “Təlim Festivalı”nın final təlimi keçirilib. Beynəlxalq dərəcəli təlimçi Babək Bayramov NLP-nin insan həyatına müsbət təsirindən danışıb.
Tədbirdə həmçinin iki ay ərzində davam edən və on təlimdən ibarət Festivalın video və foto presentasiyası iştirakçılara təqdim olunub.
İnnovativ Biznes-İnkubatorun direktoru Mircavid Həsənov İBİ-nin fəaliyyəti və burada fəaliyyət göstərən startap proqramı haqqında iştirakçılara məlumat verib. Bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən ənənəvi NETTY – Milli İnternet Müsabiqəsinin qalibi, İBİ-nin startapı olan “Özünü Sına” layihəsinin yaradıcısı, ADİU-nun II kurs tələbəsi Fəqan Çələbizadəni iştirakçılara təqdim edib.
Sonda İnnovativ Binzes-İnkuabtorunun Təlim departamentinin direktoru Leyla Şiriyeva yenicə fəaliyyətinə start verilən İBİ Business Club layihəsini iştirakçılara təqdim edib. Bildirib ki, İBİ Business Club hər bir tələbəyə ÖYRƏNMƏK, ƏYLƏNMƏK və QAZANMAQ imkanı yaradacaq.