Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS Layihəsinin (UNIVIA) təbdirlər planı çərçivəsində 2015-ci ilin aprel və may ayları ərzində Layihə tərəfdaşları olan Azərbaycan, Qırğızıstan, Ukrayna və Tacikistan universitetlərinə monitorinq səfərləri həyata keçirilib. Monitorinq səfərlərində ADİU-nun və Layihənin tərəfdaş qismində çıxış edən Avropa universitetlərinin nümayəndələri iştirak edib.
Cari ilin 14-17 aprel tarixlərində ADİU-nun əməkdaşı Bəyim Nəbiyeva və Layihənin Avropa tərəfdaşı olan Böyük Britaniyanın Uorvik Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ceyms Kennedi Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinə səfər ediblər. Daha sonra, 22-23 aprel tarixlərində ADİU-nun əməkdaşı B.Nəbiyeva və Layihənin Avropa tərəfdaşı olan İspaniyanın Santyaqo de Kompostela Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Beqona Soneyra Beloso Qırğızıstan İqtisad Universiteti və Qırğızıstan Beynəlxalq Universitetində olublar.
Müvafiq olaraq, cari ilin 27-29 aprel tarixlərində ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru dos. Şahin Bayramov və Layihənin Avropa tərəfdaşı olan İspaniyanın Malaqa Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Xuan Camçeka Ukraynanın Kiyev Milli İqtisad Universiteti və Poltava İqtisad və Ticarət Universitetini ziyarət ediblər.
Monitorinq tədbirlərinin davamı olaraq, cari ilin 04-06 may tarixlərində ADİU-nun Beynəlxalq əlaqələr departamentinin rəhbəri dos. Müslim İbrahimov Tacikistanın Sahibkarlıq və Xidmətlər İnstitutu və Kujand Dövlət Universitetinə səfər edib.
Monitorinq səfərləri zamanı tərəfdaş universitetlərin Beynəlxalq əlaqələr üzrə məsul əməkdaşları ilə görüşlər keçirib, TEMPUS Layihəsinin icra vəziyyəti müzakirə olunub və Layihə çərçivəsində həyata keçiriləcək növbəti tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Sözügedən səfərlər zamanı tərəfdaş universitetlər arasında ikitərəfli əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Əlavə olaraq, dos. Ş.Bayramov Poltava İqtisad və Ticarət Universitetində fəalliyyət göstərən Azərbaycan Mədəniyyət-Tədris Mərkəzini ziyarət edib, dos. M.İbrahimov Tacikistanın Sahibkarlıq və Xidmətlər İnstitutunun tələbələri və müəllimləri üçün iki günlük master-klass verib.