Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Quba Tədris, İdman və İstirahət Kompleksində gənc müəllimlər üçün qış məktəbi davam edir.
“Gənc müəllimlər üçün tədris metodikası” adlı təlimin ilk günündə Türkiyənin Uludağ Universitetinin təcrübəli professorlarından olan Ercan Dülgeroğlu “Dünya təcrübəsində peşəkar universitet müəllimi kimi yetişmənin təməl şərtləri və xüsusiyyətləri”ndən danışıb.
Sonra isə UNEC rektorunun müşaviri Elşən Bağırzadə gənc müəllimlərə UNEC-də tətbiq edilən differensial əmək haqqı sistemi haqqında təqdimat edib. Tətbiq edilən sistemin məqsədi, əsas xüsusiyyətləri və proqram təminatı barədə ətraflı məlumat verib. Gənc müəllimlərin mövzu ilə bağlı suallarını cavablandırıb.
Təlimdən sonra müəllimlər asudə vaxtlarını səmərəli keçirmək məqsədilə “Əbədi ezamiyyət” sənədli filmini izləyiblər. Baş prodüseri Arzu Əliyeva olan film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edir.