Bakı Fond Birjası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə həyata keçirəcəyi layihənin məqsədi tələbələrin maliyyə və qiymətli kağızlar bazarına marağının artırılması və bu sahə üçün vacib biliklər qazanmasına töhfə verməkdir. Müsabiqə iştirakçıları bütün fakültələrdən 2, 3 və 4-cü kurs tələbələri olacaq.
Müsabiqənin mözvusu daha çox maliyyə, qiymətli kağızlar, biznesin idarəedilməsi sferalarını əhatə edəcək. Müsabiqə keys əsasında elan olunacaq. Yəni tələbələr verilmiş keysi analiz edərək, keysdə təsvir olunan problemə öz həll yollarını təklif edəcəklər. Yarışmada əsas sual maliyyə çətinlikləri ilə üzləşən hər hansı bir şirkətin qiymətli kağızlar bazarı vasitəsilə ən optimal şəkildə maliyyə cəlb edə bilməsidir. Keys materialı şirkət, onun keçmişi, maliyyə hesabatları haqqında mühüm məlumatları özündə əks etdirir. Tələbə keysi diqqətlə oxumalı, əlavə olunmuş sənədləri analiz etməli və öz mühakiməsi əsasında düzgün maliyyələşmə yolu haqqında təklif verdiyi bir esse yazmalıdır. Müsabiqənin qalibləri təqdim olunmuş esselər arasından seçiləcək.
Qalib tələbələri mükafatlar gözləyir. İlk yerin qalibini 800 manat, 2-ci yerin qalibini 400 manat, 3-cü yerin qalibini isə 300 manat mükafat gözləyir. Digər iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq. Yarışma tələbədə düzgün qərarvermə, qərarı əsaslandırma və analizin aparılması bacarıqlarını aşılayacaq. Qeyd edək ki, müsabiqə Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında bağlanılmış saziş çərçivəsində həyata keçiriləcək.