Tədbirdə cənab səfir, professor Hossan Bey Fanani (Dr Hossan Bey Fananie), Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov və digər qonaqlar iştirak etmişlər. Tədbir Azərbaycan diplomatiyasının 100 illiyi və bu il Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin vətəndaşlarının Azərbaycanda təhsil qrantı hesabına təhsil almaq hüququ qazanmasına həsr edilmişdir.
Tədbirdə çıxış edərkən Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov çıxış edərkən, millət sözünün bir etnik termin olaraq formalaşması barədə danışmışdır. Natiq Azərbaycan tarixinin müxtəlif səhifələrinə, o cümlədən, atropatena dövlətinin, Urmiya gölünün Şimal Şərqində Azərbaycanın formalaşması, ərəb xilafəti, Ağ qoyunlu dövlətinin yaranması, Çar Rusiyası kimi səhifələrinə toxunmuşdur. E.İskəndərov sovet dövründə Azərbaycan xalqının öz milli mənliyini qorumaq uğrunda mübarizəsi barədə məlumat vermiş, tələbələrin suallarını cavablandırmışdır.
Cənab səfir Hossan Bey Fanani tədbirdə çıxış edərək, İndoneziyanın Asiya ölkələri arasında iqtisadi inkişafa görə ön sıralarda olduğunu vurğuladı. Səfir İndoneziya və Azərbaycanın qardaşlıq münasibətləri, Jakarta və Bakının qardaş şəhərlər olması, ölkələr arasında ikitərəfli münasibətlərin xüsusi əhəmiyyəti barədə danışmışdır. Azərbaycan mədəniyyətini, adət-ənənələrini çox sevdiyini bildirən səfir, milli təamlara xüsusi rəğbət bəslədiyini bildirdi. Azərbaycana olan sevgisini etiraf edən səfir tələbələrin suallarını cavablandırdı.
Zəngin proqramla davam edən tədbirdə cənab səfir H.Fanani, Azərbaycanın xalq mahnısı “Sarı gəlini”, Nəbi Xəzrinin sözlərinə bəstələnmiş və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısını, Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını pianinoda ifa etdi.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılandı.