Konfransda UNEC-in dekanları, mərkəz direktorları və eləcə də professor-müəllim və tələbə heyəti iştirak edib.
Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov konfransın “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020/2024-cu illər üçün Milli Fəaliyyət planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirildiyini diqqətə çatdıraraq, mövzunun əhəmiyyətindən danışıb. Ölkədə insan alverinə qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, eləcə də təhsil müəssisələrində yeniyetmə və gənclərin məlumatlandırılması üçün mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığını qeyd edib.
Konfransda Menecment kafedrasının dosenti Rəşad Səfərov “İnsan alverinə qarşı mübarizənin müasir statusu və bu sahədə əməkdaşlığı inkişaf etdirilməsi” mövzusunda çıxış edərək insan alveri probleminin mahiyyətinə diqqət çəkib. O, insan alveri problemləri ilə bağlı statistik göstəriciləri təhlil edərək, ölkəmizdə bu problemə qarşı mübarizə tədbirlərindən danışıb. Məruzəçi çıxışının sonunda bu istiqamətdə metodik-tədris vəsaitlərinin hazırlanmasının, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsinin və əldə edilmiş nəticələrin mübarizə tədbirlərinin səmərəsinin artırılmasında mühüm rol oynayacağını vurğulayıb.
Sonra İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasova insan alverinin qarşısının alınmasında maarifləndirici tədbirlərin əhəmiyyətindən, universitetin hüquqşünası Mayis Sadiqov isə insan alverinə qarşı mübarizənin hüquqi aspektlərindən danışıblar. Dövlət proqramları çərçivəsində qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun potensial qurbanlarının müəyyən edilməsi, uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalar, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər barədə məlumat veriblər.
Konfransda İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, Ticarət və gömrük işinin təşkili kaferasının müdiri, professor Arif Şəkərəliyev, SABAH mərkəninin rəhbəri, dosent Aidə Quliyeva və digər əməkdaşlar mövzu ilə bağlı fikir mübadiləsi aparıblr.
Sonda professor-müəllim və tələbə heyətinin sualları cavablandırılıb.
*
https://news.unec.edu.az/xeber/100-elm/6976-unec-de-insan-alverine-garshi-mubarize-movzusunda-konfrans-kechirilib