Özünəməxsus təhsil ənənələri ilə seçilən UNEC-in möhtəşəm “Məzun Günü” bir çox yeniliklərlə yadda qalıb.
“İnter Arena” stadionunda keçirilən təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri, UNEC-in fəxri məzunları və II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər iştirak edib.
Məzunları təbrik edən UNEC-in rektoru, professor Ədalət Muradov bu günü hesabat anı adlandırıb: “Bu gün ölkə başçısı, təhsil naziri, iş dünyası, valideynlər və bütövlükdə cəmiyyət qarşısında bizə əmanət edilən 3468 gəncin gələcəyə hazırlığı barədə hesabat veririk. Məzunlarımızın iş dünyasında peşəkar mütəxəssis kimi önəmli yer tutacağına, Azərbaycanın sosial-iqtisadi həyatında fəal rol oynayacağına, ölkənin hərtərəfli inkişafına öz töhfələrini verəcəyinə və Vətən qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəyinə əminik”. Ə.Muradov UNEC-in məzunlara qazandırdığı bilik və dəyərlərin onlar üçün uğura aparan yol göstəricisi olacağını bildirib: “UNEC ailəsi olaraq digər məzunlarımız kimi sizin də naliyyətlərinizi qürurla izləyəcəyik!”
25 il öncə təhsil aldığı ali məktəbin bu önəmli gününə fəxri məzun kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin məzunu olmaları münasibətilə gəncləri təbrik edib. Ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara daim ehtiyacı olduğunu, UNEC-in bu tələbləri layiqincə yerinə yetirdiyini diqqətə çatdıran V.Gülməmmədov UNEC-in son dövrdəki uğurlarını, beynəlxalq reytinqlərdə yer almasını və dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını qürurla izlədiyini bildirib: “Sevindirici haldır ki, bu gün məzunlar arasında UNEC ilə Fransanın Montpellier University ikili diplom proqramının ilk məzunları da var”.
“Məzun Günü”ndə iştirak etmək üçün Azərbaycana gələn Fransanın Montpellier University Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri, “Beynəlxalq Biznes Mühəndisliyi” Magistr Proqramının və “Beynəlxalq Menecment və Biznes” Bakalavr Proqramlarının rəhbəri, professor Gilles Sere de Lanauze Azərbaycanla Fransa arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığı təqdirəlayiq adlandırıb. UNEC ilə Montpellier University ikili diplom proqramının əhəmiyyətindən söz açan qonaq bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Montpellier University UNEC ilə uğurlu əməkdaşlığını digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Sonra proqramın ilk məzunlarına Montpellier University diplomları təqdim edilib.
Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək bal (98.53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Səbinə Nəcəfzadə UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq standartlara cavab verən ali təhsil alması üçün hər şərait yaradılıb. Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran S.Nəcəfzadə UNEC məzunu olmağı ilə fəxr etdiyini bildirib.
S.Nəcəfzadə UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən tələbəyə təhvil verərək, 3468 məzun adından təntənəli and içib.
UNEC-in himninin sədaları altında dekanlar fakültə üzrə ən yüksək bal toplayan məzunları təltif edib. Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.
Azərbaycanın xalq artisti Murad Dadaşov aparıcılıq etdiyi tədbirdə tələbələri məzun olmaları münasibətilə əməkdar artist Röya Ayxan təbrik edib. Populyar ifaçı Rauf və DJ Chına dinamik mahnıları ilə “Məzun Günü”nü gənclər üçün unudulmaz anlar yaşadıb.
Qeyd: 2017/18-ci tədris ilində UNEC-dən 3468 gənc məzun olub. Onlardan 2770-i bakalavr, 698-u isə magistrdir. Məzunların 226 nəfəri UNEC-i fərqlənmə diplomu ilə bitirib.