Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti nümunəvi dərslər keçirilib.
Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri, professor Ümüdvar Əliyev “Azərbaycan Respublikasında milli iqtisadiyyatın formalaşması, inkişaf mərhələləri və dünya iqtisadiyyatına inteqrasiyası” mövzusunda çıxış edib. Məruzəçi milli iqtisadiyyatın konyukturası, idxal-ixrac prosesinin müasir əsasları, habelə sahibkarlıq fəaliyyətinin tələbləri barədə məlumat verib.
Fizika və kimya kafedrasının professoru Mayıl Tağıyevin “Fırlanma nəzəriyyəsinin dinamikası” mövzusundakı nümunəvi dərs də iştirakçılar tərəfindən maraqla qarşılanıb. Dərsdə iştirak edən professor-müəllim heyətinin mövzu ilə bağlı sualları məruzəçi tərəfindən cavablandırılıb.
Yanvarın 15-dən etibarən UNEC-də yeni layihəyə start verilib. Layihə çərçivəsində bir ay boyunca UNEC-in professor və kafedra müdirləri nümunəvi dərslər keçəcəklər. Dərslərdə universitetin müəllim heyəti, doktorant, dissertant, gənc müəllim və əməkdaşlarla yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak edəcəklər.
Layihənin məqsədi təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürməsidir.
Müasir dövrün aktual problemlərinə həsr olunacaq nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktiki bacarıqlara da yiyələnəcəklər.