UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, fiz.e.d., professor Rövnəq Rzayev, AMEA-nın həqiqi üzvü, akademik Adil Qəribov, UNEC-in Elmin populyarlaşdırılması tədqiqat mərkəzinin direktoru, fəl.ü.f.d., dosent Etibar Əliyev, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosent Tural Nağıyev, Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru, dosent Ramil Sadıqov Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə və 9 saylı tam orta məktəbdə görüşlər keçiriblər.
Layihənin məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan verməklə, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.
Görüşlərdə məktəblilərə elmin əhəmiyyəti, müasir texnologiyalar və innovativ inkişaflar haqqında məlumat verilib. Professor Rövnəq Rzayev və akademik Adil Qəribov şagirdlərə elmi tədqiqatların cəmiyyətə təsirini və onların gündəlik həyatımızdakı rolunu izah ediblər. Elmə olan marağın uşaqlıqdan başlayaraq inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkən alimlər, elmin ölkənin inkişafındakı rolundan da danışıblar.
Etibar Əliyev isə gəncləri elmi işlərə cəlb etməyin yollarından söz açıb və elmin müxtəlif sahələri üzrə maraqlı nümunələr gətirib. Tural Nağıyev və Ramil Sadıqov mühəndislik və tətbiqi elmlərin xüsusiyyətləri, bu sahələrdəki yeniliklər və inkişaf edən texnologiyalarla bağlı təqdimatlar ediblər.
Görüşlərdə iştirak edən məktəblilər və müəllimlər elmin daha sadə və maraqlı prizmadan təqdim edilməsini yüksək qiymətləndirərək, bu təşəbbüsə digər təhsil müəssisələrinin qoşulmasının və davam etdirilməsinin əhəmiyyətli olacağını vurğulayıblar.