UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva və Rəqəmsal texnologiyalar departamentinin direktoru Zaur Əziz Londonda işgüzar səfərdədirlər.
UNEC əməkdaşları ezamiyyənin ilk günlərində London İqtisad Məktəbi (London School of Economics), Birkbeck Universiteti, SOAS Universiteti, Ağa Xan Kitabxanası və Britaniya Kitabxanasında (British Library) olublar.
London universitetlərinin kitabxanalarının qabaqcıl təcrübəsini öyrənən əməkdaşlar bu sahədə əsas fəaliyyət istiqamətləri, təhsilalanlar və tədqiqatçılar üçün kitabxanalarda yaradılmış şərait, rəqəmsallaşdırma prosesləri, elektron resurslardan istifadə, innovativ kitabxana sistemləri, kitabxanaların dayanıqlı inkişaf məqsədləri, dərsliklər, nadir və qədim nəşrlərlə tanış olublar.
Görüş zamanı UNEC ilə London universitetləri arasında birgə layihələrin işlənməsi perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Dünyanın ən zəngin kitab kolleksiyası olan Britaniya Kitabxanasının Orta Şərq və Mərkəzi Asiya kolleksiyalarının müdiri Dr. Maykl Erdman kitabxananın fəaliyyəti, eləcə də nadir və qədim nüsxələr, Azərbaycana məxsus əlyazmalar barədə əməkdaşlara məlumat verib. Sonra kitabxananın avtomatlaşdırılmış prosesləri, rəqəmsal kolleksiyaları, informasiya sistemləri, Britaniya kitabxanasının informasiya təhlkəsizliyinin təmin edilməsi ilə bağlı təcrübəni bölüşüb.
UNEC-in nəşri olan “UNEC şəhidləri”, “Azərbaycan iqtisadiyyatı” (infoqrafika), “Exploring the green economy: issues, challenges and benefits”, eləcə də Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatına həsr edilmiş kitablar Britaniya kitabxanasına hədiyyə olunub və Britaniya kitabxanasının zəngin kolleksiyasında UNEC nəşrlərinin yer alacağı barədə razılıq əldə edilib.